Bugatti şirkəti Baby II oyuncaq avtomobilinin “seriya” variantını təqdim edib. Avtomobilə oyuncaq deyilməsinə baxmayın, onun satıldığı qiymətə “yağ içində” Toyota Camry sedanı almaq olar. Yeri gəlmişkən, bu avtomobil, Ettore Buqattinin 1926-cı ildə dörd yaşlı oğlu Roland üçün inşa etdiyi orijinal avtomobilin özünəməxsus davamçısıdır.
Orijinal uşaq avtomobili Bugatti Type 35 sportkarının 1:2 miqyasında inşa edilmiş surəti idi. İlkin olaraq, Bugatti Baby adlandırılmış uşaq avtomobilinin, Roland üçün yeganə nüsxədə hazırlanması planlaşdırılırdı. Lakin, avtomobil markanın Molsayma baş çəkən müştərilərinin rəğbətini qazandığını görən Ettore Buqatti, onun seriya istehsalını təşkil etmək qərarına gəlir. Nəticədə, 1927-1936-cı illərdə 500 ədəd Bugatti Baby buraxılıb.
İlk Bugatti Baby modeli daxili yanacaq mühərriki ilə təchiz edilirdi. Seriya avtomobilləri isə, 3,5 at qüvvəli Paris-Rhone elektrik mühərriki, arxa ötürməsi olan birpilləli reduktor, əsl asqı, əyləc və yüngüllehimli disklər ilə təchiz edilirdi. 1825 millimetrlik uzunluğu və 75 kiloqram çəkisi olan kiçik avtomobil 20 km/saat həddinə qədər sürətlənirdi. İstehsalçı avtomobilin 6-8 yaş arasında uşaqlara ünvanlandığını bildirirdi.
O zaman, belə avtomobil beş min franka satılırdı. Bugatti Type 52 modelini monarxların və iş adamlarının övladları üçün alır, onlarla dəbdəbəli kurortların kirayə parklarını təchiz edirdilər. Hərdən firma bu avtomobili bonus olaraq iri müştərilərinə hədiyyə edirdi. Maraqlıdır ki, yüzlərlə belə avtomobil bu günə qədər qorunub-saxlanılıbdır. Onların hərracdakı satış qiyməti 110 min dollara çatır.
Uşaq avtomobilinin müasir təfsiri arxa oxda quraşdırılmış elektromotor, dəyişdirilən litium-ion batareyası və rekuperasiya sistemi ilə quraşdırılır. Modelin güc qurğusu üç rejimə malikdir: “uşaq” rejimində qurğunun gücü 1,36 at qüvvəsi, maksimal sürət həddi isə 20 km/saatla məhdudlaşdırılır. “Böyük” rejimində mühərrik 5,5 at qüvvəsi hasil edir, maksimal sürət həddi isə 45 km/saatdır. “Profilər” üçün Veyron və Chiron modellərində olduğu kimi Speed Key nəzərdə tutulub ki, bu halda mühərrikin gücü 13,6 at qüvvəsi təşkil edir. Maksimal sürət həddi isə, ümumiyyətlə ləğv edilir.
Avtomobilcik tarixi “vuatyüretin” sükan və təkər disklərinin surəti, alüminium cihazlar paneli, dəri oturacaqlar, litium-ion batareyaları və rekuperasiya sistemi olan etibarlı əyləclər ilə təchiz edəcəkdirlər. Bundan başqa, avtomobilcikdə gümüşdən düzəldilmiş 50 qramlıq Bugatti emblemi və markanın 100 illik yubileyinə həsr edilmiş nişan quraşdırılacaqdır.
Ən əsası odur ki, bu uşaq avtomobilini almağa həvəsiniz vardırsa, heç əziyyət-filan çəkməyin. Satış qiyməti 30 min avro olan oyuncaq cəmi 500 nüsxədə buraxılacaqdır. Yəqin ki, bütün nüsxələrin satıldığını demək mənasızdır. Arifə onsuz da bir işarə kifayətdir.