“CarWatch” nəşrinin bildirdiyinə görə, yeganə nüsxədə buraxılmış kabriolet keçən həftəsonu, 2025-ci ildə 100 illik yubileyini qeyd edəcək Yaponiya Sumo Assosiasiyasının keçirdiyi xüsusi tədbirində nümayiş etdirilib.
Kabriolet krossoverdən damın yoxluğu və sumo güləşçilərinin xüsusi sifarişi əsasında yenidən hazırlanmış salonu ilə fərqlənir. Sumo güləşçiləri hündür arxa divanın quraşdırılmasını xahiş ediblər. Qalan cəhətdən, kabriolet 2023-cü ilin payızında debüt eetmiş Century SUV krossoveri ilə eynidir.
Toyota Century SUV lüks krossoverdir, Yaponiyada onun qiyməti 25 milyon yendən (290 min manat) başlayır. O, Land Cruiser 300 modelindən daha böyükdür və öndə McPherson dayaqları, arxada isə çoxqollu asqısı olan TNGA-K arxitekturasına əsaslanır. Toyota Century SUV 3,5-litrlik V6 mühərrikinə əsaslanan hibrid güc qurğusu və elektromexaniki variator ilə təchiz olunur. Hibrid qurğunun ümumi gücü 412 at qüvvəsi təşkil edir.
Açıq kuzovlu Century SUV krossoverinin inşa ediləcəyi barədə məlumat bir neçə ay bundan əvvəl elan olunub - Toyota bu yolla modelin imkanlarını nümayiş etdirmək istəyir. Avtomobil istehsalçısı artıq Century modelini kabrioletə çevirmək təcrübəsinə malikdir, lakin o zaman əsas olaraq krossover deyil sedan götürülmüşdü. 2019-cu ildə, Toyota Yaponiya imperatoru Naruhito üçün xüsusi hazırlanmış açıq avtomobili buraxıb.
Açıq sedanın qalxan damı yox idi, arxa oturacaq isə daha hündürdə yerləşdirilmişdi ki, imperator və onun xanımı parad zamanı tamaşaçılar tərəfindən daha yaxşı görünsünlər. Sumo güləşçilərinin sifarişi ilə hazırlanmış krossover üçün də oxşar konfiqurasiya seçilib.
Toyota Century SUV yapon istehsalçısının Toyota Tahara zavodunda yığılır. Bu müəssisədə Land Cruiser və Lexus modelləri istehsal olunur. Century SUV kütləvi istehsal üçün nəzərdə tutulmayıb – onu kiçik partiyalarla, ayda 30 nüsxəlik tirajla istehsal edirlər. Krossoverin ixrac perspektivləri barədə heç bir məlumat verilməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.