Bu ilin əvvəlində Yaponiyanın avtomobil jurnallarında peyda olan şayiələr bir həftədən sonra reallaşacaqlar. Crown ailəsini müxtəlif modellərlə genişləndirən Toyota şirkəti, eyni şeyi daha dəbdəbəli Centry modeli ilə də etmək niyyətindədir. Yapon istehsalçısı bunu açıq şəkildə söyləməsə də, dərc etdiyi yeni tizerdə 6 sentyabr tarixində özünün YouTube şəbəkəsindəki kanalında “yeni avtomobili göstərəcəyini” bəyan edib.
Bununla belə, dərc edilmiş tizerdə təsvir olunan avtomobilin demək olar ki, yüksək klirensli Century modelinə bənzəyir. Üstəlik, arxa qapını açan ağ əlcək geyinmiş sürücü bu avtomobilin təyinatından da xəbər verir: ənənəvi olaraq Toyota Century sedanı yalnız Yaponiyada satılıb və hər zaman nüfuzlu şəxslərin (Yaponiya imperatorunun, dövlət xadimlərinin, konsern rəhbərlərinin) xidməti avtomobili olub. Görünən odur ki, Toyota bu ənənəni ofrouder ilə də davam etdirmək niyyətindədir.
Bu tizerin Century SUV ofrouderinin ilk tizeri olmadığını xatırlatmaqda fayda var. İlk dəfə Century ofrouderinin görüntüsü Alphard və Vellfire minivenlərinin təqdimatı zamanı nümayiş etdirilmişdi.
Təfərrüatlar açıqlanmasa da, ofrouderin sedanla bağlılığının olmayacağı barədə şayiələr dolaşmaqdadır. Dəbdəbəli ofrouderin Grand Highlander modelinə əsaslanacağı barədə təsdiq olunmamış məlumatlar daha məntiqli görünür.
İnsayderlər ultra-lüks ofrouderin 3,5 litrlik “turboaltılığa” əsaslanan hibrid güc qurğusu ilə təchiz olunacağını iddia edirlər. Digər mənbələrə görə, yaponlar Tundra və Sequoia modellərindən tanış olan V6 i-Force Max hibrid sistemindən istifadə edə bilərlər.
Əlbəttə ki, arxa ötürməli Century sedanından fərqli olaraq, Century SUV tam ötürmə sistemini alacaq. İlkin məlumatlara görə, Toyota Century SUV modeli yerli bazarda təqribən 10-15 milyon yenə (120-180 min manat) satılacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.