Toyota şirkəti Nissan Juke modelinə rəqib olacaq konseptual CH-R krossoverinin seriya variantını istehsal etmək qərarına gəlmişdir. Avtomobilin seriya variantı geniş tamaşaçı kütləsinə mart ayının 3 tarixində işinə başlayacaq Cenevtə avtomobil salonunda təqdim ediləcəkdir. Lakin yaponlar, martın ayının 1 tarixində krossover haqqında ətraflı məlumatı yaymaq fikrindədirlər. Yeni modelin istehsalı, şirkətin Verso və Corolla modellərinin də buraxıldığı Türkiyədəki zavodunda təşkil ediləcəkdir. Bu məqsədlə müəssisənin əməkdaşlarının sayı üç min nəfərdən dörd minə qədər artırılacaqdır.
Yapon şirkəti bu zavodun inkişafına 1,7 milyard avro sərmayə qoymaq fikrindədir ki, bu məbləğin də 350 milyonu CH-R modelinin istehsalına yönəldiləcəkdir. Model üçün nəzərdə tutulan güc aqreqatları Toyota şirkətinin Uelsdəki zavodunda istehsal ediləcəkdir. Hazırda bu zavodda Auris modelinin hibrid variantı üçün aqreqatlar buraxılır. Bundan başqa, bu müəssisədə Avensis, Corolla və Verso modelləri üçün nəzərdə tutulmuş benzin mühərrikləri də istehsal olunur.
Toyota CH-R konseptinin seriya variantını dördüncü nəsil Prius modelinin əsası olan yeni TNGA platformasında hazırlayacaqlar. Yaponların iddia etdiklərinə görə, yeni platforma sayəsində yeni avtomobillərin konstruksiyası indiki modellərə nisbətən 35-65 faiz möhkəm olacaqdır. Toyota CH-R konsept 2014-cü ildə Paris avtomobil salonunda təqdim edilmişdir. Keçən il baş tutmuş Frankfurt avtomobil sərgisində konseptin yenilənmiş variantı nümayiş etdirilmişdir.