Əvvəllər Toyota Corolla ailəsində kupe, hardtop, kompaktvenlər və digər spesifik avtomobillər təmsil olunurdu. lakin, o zamandan bəri bazar ciddi şəkildə dəyişib. İndi Corolla modelinin çeşidinə sedan və universal ilə yanaşı, krossover də əlavə edilib. Üstəlik, yeni Toyota Corolla Cross modeli, Avropa və ya Yaponiya bazarında təklif edilən seriya universalının qaldırılmış versiyası deyil, özünəməxsus kuzova malik olan tamamilə müstəqil bir avtomobildir.
Zahiri cəhətdən yeni Corolla Cross krossoveri adi Corolla modelindən daha çox, ölçüləri kiçildilmiş RAV4 krossoverinə bənzəyir. Ölçülərinə görə, Corolla Cross modeli yapon istehsalçısının model xəttində CH-R və RAV4 modellərinin arasında yer alacaqdır.
Yarımüstəqil arxa asqıya malik olan TNGA-C modul platformasında inşa edilmiş Toyota Corolla Cross modelinin uzunluğu 4460 millimetr, eni - 1825 millimetr, hündürlüyü - 1620 millimetr təşkil edir. Beləliklə, yeni krossover RAV4 modelinin 140 millimetr qısa, 30 millimetr ensiz və 65 millimetr alçaqdır. Toyota Corolla Cross modelinin klirensi 161 millimetrdir.
Beləliklə, yeni Toyota Corolla Cross modelinin əsas rəqibləri Hyundai Tucson və Kia Sportage modelləri olacaqdırlar.
Krossoverin salonu Corolla modeli ilə eyni arxitekturaya malikdir. Yeni Corolla Cross krossoverinin təchizatına Corolla modelindən götürülmüş, 9,0-düymlük displeyi olan multimedia sistemi, “çəkilmiş” spidometri olan cihazlar paneli, ikizonalı klimat-kontrol, dəri oturacaqlar, Toyota Safety Sense kompleksi və şüşə lyuk daxildir. Krossoveri 17 və ya 18 düymlük təkər diskləri ilə sifariş etmək olar.
Arxa oturacaqlarin kürək hissəsi altı dərəcəlik diapazonda tənzimlənir. Baqaj həcmi - şinlərin təmir dəsti ilə 487 litr, kiçik ehtiyat təkərilə isə 440 litr təşkil edir. Əlavə ödəniş ilə beşinci qapını elektrik ötürməsi ilə təchiz etmək olar.
Toyota Corolla Cross modelinin mühərrik çeşidinə iki güc aqreqatı daxildir. Bunlardan birincisi, variator ilə tandemdə çalışan 140 at qüvvəli 1,8-litrlik dördsilindrli atmosfer mühərrikdir. Lakin, istehsalçı əsas üstünlüyü 98 at qüvvəli 1,8-litrlik mühərrikin və 72 at qüvvəli elektromotorun tandemindən ibarət olan hibrid güc qurğusuna verir. Hibrid qurğunun gücü 122 at qüvvəsi təşkil edir. Ötürmə yalnız ön oxadır.
Toyota Corolla Cross modeli Tailandda 900 min batdan (49 min manat) başlayan qiymətlərlə satılacaqdır. Krossoverin top versiyasının isə 1,2 milyon bata (65 min manat) təklif ediləcəyi gözlənilir. Tailanddan sonra Corolla Cross Hindistan və Braziliya bazarlarında satışa çıxarıla bilər.