Toyota Corolla krossoveri satış coğrafiyasını genişləndirməyə davam edir. Corolla Cross modeli keçən yayda Taylandda debüt edib, bundan sonra onun Asiya bölgəsinin bir çox ölkələrində satışlarına başlanıb. Krossoverin istehsalına Tayvan da qoşulub.
Bunun ardınca krossoverin Cənubi Amerika, ABŞ və Afrika üçün versiyaları təqdim olunub və yalnız indi Corolla Cross modeli Yaponiyada debüt edib. Ancaq indiyə qədər fərqli bazarlarda təklif olunan avtomobilləri eyni dizayna malik olsalar da, Yaponiya üçün krossoverin dizaynı bir qədər dəyişdirilib.
Məlum olduğu kimi, 4490 millimetrlik uzunluğa malik olan Corolla Cross modeli TNGA-C modul platforması üzərində qurulub və Corolla hetçbeki ilə eyni təkər bazasına (2640 millimetr) sahibdir. Bununla birlikdə, Cross versiyasının hetçbek ilə ümumi kuzov panelləri yoxdur.
Sedanla müqayisədə, krossoverin salonundakı oturacaqlar 120 millimetr daha yüksəkdədir, üstəlik, yapon versiyasının bəyan edilmiş klirensi 160 millimetr təşkil edir. Xatırladaq ki, ABŞ-da satılan versiyada bu göstərici 204 millimetrə bərabərdir. Yaponiyada krossover 17 və ya 18 düymlük disklər ilə təklif olunur.
Digər ölkələrdə istehsal olunan Corolla Cross ilə müqayisədə yapon istehsalı olan krossover orijinal ön və arxa fənərlərə sahib olub. Bamperlər dəyişdirilib, radiator barmaqlığı aşağıya endirilib, yuxarıda isə, bütün Corolla modelləri üçün Yaponiyada istifadə olunan fərqli emblem olan bağlı panel var.
Cross versiyasının interyeri adi Corolla hetçbeki ilə eynidir. Krossoverin təchizatına mediasistem, ikizonalı iqlimə nəzarət sistemi, panoram dam, elektrik ötürməli beşinci qapı və digər avadanlıqlar daxildir. Konfiqurasiyadan asılı olaraq, avtomobildə iki variantda cihazlar paneli quraşdırıla bilər. Hibrid versiyalarda 100 voltluq məişət elektrik çıxışı mövcuddur.
Amerikada satılan Corolla Cross modeli 2.0-litrlik mühərrikə sahibdirsə, Yaponiyadakı krossover 140 at qüvvəsi və 170 Nm fırlanma anı hasil edən 1,8-litrlik atmosfer mühərrriki ilə təchiz olunur.
Transmissiya birinci mexaniki pilləsi olan CVT Direct Shift elektromexaniki variatorudur. Ötürmə - yalnız ön oxadır (ABŞ-da tam ötürməli versiyalar da olacaq), arxada isə yarı müstəqil asqı quraşdırılıb. Baqaj həcmi - 487 litrdir.
Ancaq Yaponiyada əsas üstünlük hibridə verilir. Güc qurğusunun tərkibinə 1,8-litrlik (98 at qüvvəsi, 142 Nm) atmosfer mühərriki, elektromotor (72 at qüvvəsi, 163 Nm) və elektromexaniki variator daxildir. Yanacaq çəninin tutumu isə 47-dən 36 litrə endirilib.
Hibrid krossoveri E-Four tam ötürməsi ilə də sifariş etmək olar: arxada 7,2 at qüvvəsi və 55 Nm fırlanma anı hasil edən elektrik mühərriki olan çoxqollu asqı quraşdırılır. Bu mühərrik hərəkət başlayarkən və sürətlənmənin ilk saniyələrində benzun mühərrikinə kömək edir, lakin yüksək sürətlərdə söndürülür. Tam ötürməli hibridlərdə 43 litrlik yanacaq çəni quraşdırılır.
Baqajın həcmi ötürmənin (dəqiq həcmi göstərilməyib) və arxa divanın altına yerləşən dartma batareyasının növündən asılıdır. Ön ötürməli hibridlər 3,6 amper-saatlıq litium-ion batareyasına malikdirlər, soyuq iqlimi olan dağlıq ərazilərdə istismar edilən tam ötürməli krossoverlər isə 6,5 amper-saatlıq nikel-metal-hidrid batareyası ilə təchiz olunurlar
Yaponiyada satılan krossoverlər adi Corolla hetçbeklərinin istehsal edildiyi Takaokadakı zavodda buraxılacaqdırlar.
Toyota daxili bazarda ildə 53.000 avtomobil satmağı planlaşdırır. İstehsalçının planında krossoverlərin digər ölkələrə ixracı da var. Yaponiyada Corolla Cross modelini qiyməti 18.200 dollardan başlayır - yəni, krossover adi Corolla Touring universalından 100 dollar ucuzdur. Yeri gəlmişkən, artıq Corolla ailəsi Yaponiya bazarında geniş tərkibdə təqdim olunur: hetçbek, sedan, universal və krossover.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.