Toyota şirkəti Corolla modelinin bazasında yaradılmış krossoverin tizerini dərc edərək, onun təqdimat tarixini açıqlayıb. Toyota Corolla Cross modelinin təqdimatı 9 iyul tarixində baş tutacaqdır. Tizer "A new journey begins" ("Yeni macəra başlayır") şüarı ilə müşayət olunur. Yeni krossoverin əsas rəqibləri Honda HR-V, Mazda CX-30, Subaru XV və Nissan Kicks modelləri olacaqdırlar.

Corolla Cross modeli TNGA-C modul platformasında inşa edilib. Bu platformadan Corolla və CH-R modellərinin istehsalında istifadə olunur.Toyota Corolla Cross modelinin uzunluğu 4460 millimetr, eni - 1825 millimetr, hündürlüyü - 1620 millimetr təşkil edəcəkdir. Beləliklə, yeni krossover CH-R modelinin 100 millimetr uzun, 30 millimetr enli və 55 millimetr hündür olacaqdır. Corolla Cross modelinin klirensi 161 millimetr olacaqdır.

Paultan.org saytının məlumatlarına görə, Corolla Cross 141 at qüvvəsi və 175 Nm fırlanma anına sahib olan 1,8-litrlik mühərrik və variator ilə təchiz ediləcəkdir. Bundan başqa, 99 at qüvvəli 1,8-litrlik mühərrik və 73 at qüvvəli elektromotordan ibarət olan hibrid güc qurğusu da modelin mühərrik çeşidinə daxil ediləcəkdir. Hibrid qurğunun ümumi hasilatı 123 at qüvvəsi olacaqdır.

Toyota Corolla Cross modeli Tailanddakı 900 min batdan (49 min manat) başlayan qiymətlərlə satılacaqdır. Krossoverin top versiyasının isə 1,2 milyon bata (65 min manat) təklif ediləcəyi gözlənilir. Tailanddan sonra Corolla Cross Hindistan və Braziliya bazarlarında satışa çıxarıla bilər.