Toyota Corolla Cross krossoveri 2020-ci ildən buraxılır və onun dünya təqdimatı istehsal olunduğu Taylandda keçirilmişdi. Buna görə də, yığcam krossoverin yüngül restaylinqinin də ilk dəfə Tayland istehsalı olan avtomobildə həyata keçirilməsində təəccüblü bir şey yoxdu.
Bununla belə, Corolla Cross modelinin müxtəlif bazarlar üçün nəzərdə tutulmuş versiyalarının xarici görünüşü xırda cizgilərlə fərqləndiyinə görə, digər ölkələrdə də oxşar yenilənmənin aparılacağını gözləmək olar.
Başlıca yenilik, ön panelə inteqrasiya olunmuş çərçivəsiz radiator barmaqlığının peyda olmasıdır: dizaynerlər son zamanlar belə həlldən (xüsusən də Çində) tez-tez istifadə edirlər. Ön fənərlərin forması dəyişməyib, lakin gündüz hərəkət işıqlarının zolaqları indi bir qədər aşağıda yerləşir və işıqlanan bənd ilə birləşdiriliblər.
Yeni bamperlər və təkər diskləri variantları peyda olub, habelə əlavə kuzov rəngi (boz Cement metallik) təklif edilir. GR Sport versiyası öz kuzov dəstini və radiator barmaqlığını qoruyub saxlayıb.
Salonda ölçüləri böyüdülmüş rəqəmsal cihazlar paneli (12,3 düym) və media sisteminin yeni ekranı (10,1 düym) diqqəti cəlb edir. Sonuncu fiziki düymələri və tutacaqları itirib, lakin Apple CarPlay və Android Auto protokollarının simsiz dəstəyini əldə edib.
Avadanlıq siyahısına simsiz enerji doldurma meydançası, USB Type-C konnektorları və yenilənmiş Toyota Safety Sense aktiv təhlükəsizlik kompleksi daxildir. Nəhayət, panoram dam (sürüşərək açılan bölməsi olmayan, lakin elektrikli pərdə ilə) peyda olub. Oturacaqların iki üzlük variantı var: qara və qırmızı.
Texniki hissə dəyişməyib. Taylandda Corolla Cross əvvəlki kimi iki güc aqreqatı ilə təklif edilir. Baza benzin versiyası Super CVT-i variatoru ilə tandemdə çalışan 1,8-litrlik (140 at qüvvəsi) atmosfer mühərriki ilə hərəkətə gəlir.
Ənənəvi hibrid tərkibinə gücü 98 at qüvvəsinə qədər azaldılmış eyni 1,8-litrlik mühərrik, elektrik mühərriki (72 at qüvvəli) və elektromexaniki variator daxil olan güc qurğusuna malikdir. Hibrid qurğunun ümumi gücü 122 at qüvvəsinə bərabərdir.
Əvvəllər olduğu kimi, krossover Taylandda yalnız ön ötürmə ilə təklif edilir, baxmayaraq ki, digər ölkələrdə tam ötürməli versiyalar da mövcuddur.
Yenilənmiş Toyota Corolla Cross modelinin satışlarına artıq start verilib. Taylandda krossover 999 mindən 1,25 milyon bat (47,7 – 59,5 min manat) arasında dəyişən qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.