Bir qayda olaraq, kütləvi avtomobillərin kiçik saylı tirajla buraxılan xüsusi versiyaları "adi" modellərdən yalnız xüsusi tərtibatı və genişləndirilmiş təchizatı ilə fərqlənirlər. Lakin, Toyota şirkəti bu dəfə daha irəli gedərək, Yaponiyadakı müştərilərinə Corolla modelinin həqiqətən qeyri-adi modifikasiyasını təklif edib.
Xatırladaq ki, Yaponiyada satılan yeni nəsil Toyota Corolla sedanları və universalları qlobal bazarda satılan qardaşlarından nəzərə çarpacaq dərəcədə fərqlənirlər. Yapon modelləri daha yığcamdırlar, özünəməxsus avadanlıq siyahısına və opsional tam ötürmə sisteminə malikdirlər.
Bu modellərin mühərrik çeşidinə 140 at qüvvəsli 1,8-litrlik atmosfer mühərriki və 116 at qüvvəli 1,2-litrlik turbomühərrik daxildir. Atmosfer mühərriki variator, turbomühərrik isə, altı pilləli mexaniki transmissiya ilə təchiz edilir. Bundan başqa, 98 at qüvvəli 1,8-litrlik mühərrik, 72 at qüvvəli elektromotor və Direct Shift variatorundan ibarət olan hibrid güc qurğusu da təklif edilir.
İndi isə, Toyota Corolla modelinin çeşidinə Touring 2000 Limited universalı əlavə edilib ki, bu modelin də əsas xüsusiyyəti heç bir hibrid əlavəsi olmayan 2,0-litrlik atmosfer mühərrikidir. Dynamic Force ailəsindən olan mühərrik 170 at qüvvəsi və 202 Nm fırlanma anı hasil edir və mexaniki ilk ötürməsi olan Direct Shift variatoru ilə tandemdə çalışır. Eyni güc qurğusu ilə Amerikada satılan Corolla sedanı da təchiz edilir.
Yaponiyada avtomobillərin dinamik xüsusiyyətlərini dərc etmək mütləq deyil - yeganə istisna idman avtomobilləridir. Bu səbədən də, yeni modifikasiyanın dinamikası haqqında məlumat verilməyib.
Belə universallar digər modellərdən 17-düymlük xüsusi təkər diskləri, oturacaqların tərtibatı və salondakı qırmızı haşiyələr ilə fərqlənir. Bundan başqa. modelin rəng palitrasına qırmızı və mavi rənglər əlavə edilib.
Xüsusi seriyadan olan avtomobilin qiyməti 24 500 ABŞ dollarıdır. Touring 2000 Limited modelinin tirajı cəmi 500 nüsxədən ibarət olacaq. Böyük ehtimalla, yapon mühəndisləri kifayət qədər vaxt sərf edərək, yeni güc qurğusunu əbəs yerə avtomobilə adaptasiya etməyiblər. Böyük ehtimalla, tezliklə bənzər modifikasiya Corolla modelinin çeşidinə daimi olaraq əlavə ediləcəkdir.