Yeni Toyota Crown modelinin ətrafında dolaşan şayiələr səngimək bilmir: insayderlər 15 nəsil dəyişmiş modelin TNGA GA-K modul platformasına əsaslanan krossoverə çevriləcəyini iddia edirlər. İndi isə, başqa bir məlumat peyda olub – məlumat “sızmaları” üzrə ixtisaslaşmış yapon "BestCarWeb" nəşrinin bildirdiyinə görə, Crown adı tərkibinə kupe-krossover də daxil olan avtomobiilər ailəsinə veriləcəkdir. Nəşrin dizaynerlərindən biri belə modelin necə görünəcəyi barədə öz baxışını təqdim edib.

BestCarWeb” nəşri yeni nəsil Crown modelinin yaradılması prosesi haqqında məlumatı olan mənbəyə istinad edir. Guya, yapon istehsalçısı, yeni modelin hazırlanmasına çəkilən xərcləri azaltmaq üçün uzununa yerləşən mühərriki olan arxaötürməli platformadan (həm də altısilindrli mühərrikdən)  imtina edərək, Crown modelini köndələn yerləşən mühərriki olan önötürməli platformaya keçirəcək.

Nəşrin əldə etdiyi məlumata görə, söhbət Toyota Camry və Lexus ES modellərindən tanış olan TNGA GA-K arxitekturasından gedir. Altısilindrili mühərrikin əvəzinə isə, yeni model 2,5-litrlik mühərrikə əsaslanan hibrid güc qurğusu quraşdırılacaqdır. Toyota Crown bir neçə variantda buraxılacaqdır ki, bunların arasında kupeşəkilli krossover də olacaqdır.

Renderdəki avtomobil hündür klirensə, dairəvi müdafiə qurşağına malikdir ki, bu da onun ofroud xarakterinə işarə edir. Xatırladaq ki, artıq əfsanəvi adı və tac şəklindəki emblemi Çində satılan və Highlander XSE modelinin variantlarından biri olan Crown Kluger krossoveri daşıyır.

Orijinal Toyota Crown sedanına gəldikdə isə, model 1955-ci ildən buraxılır və yapon markasının uzunömürlü avtomobillərindən biridir. Hazırda Toyota bu sedanın 2018-ci ildə debüt etmiş S220 indeksli 15-ci nəslini satır. 2020-ci ilində sedan yüngül modernləşdirmədən keçib: avtomobilin salonu müasirləşdirilib, yardımçı sistemlərin siyahısı genişləndirilib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.