Bu ad altında ABŞ-da Crown modelinin hündür klirensli kross-versiyası satılacaq. O, gələn ilin yayında Toyota markasının Şimali Amerikadakı model xəttinə qoşulacaq. Yapon avtomobil istehsalçısı yenilik haqqında məlumatı da dərc edib: Signia onunla bilrikdə debüt etmiş “doqquzuncu” Camry sedanından tanış olan və tərkibinə 2,5-litrlik benzin mühərrik və iki elektrik mühərriki daxil olan hibrid qurğu ilə hərəkətə gələcək. Crown Signia tam ötürməyə və “drayver” Sport preseti olan hərəkət rejimləri sisteminə malik olacaq.
Crown Signia haqqında ilk dəfə keçən il, Toyota şirkətinin yeni əmtəə nişanını qeydiyyatdan keçirmək üçün etdiyi müraciətdən məlum olub. Sonra bu adın hipotetik kupe/kabrioletə veriləcəyi güman edilsə də, o, azca qaldırılmış tamötürməli Crown modelinə qismət olub.
Artıq Crown Signia üzərindəki sirr pərdəsi tamamilə götürülüb. O, 2,5-litrlik dördsilindrli benzin mühərriki və iki elektrik mühərrikindən ibarət olan hibrid güc qurğusunu alıb. Hibrid güc qurğusu ümumilikdə 243 at qüvvəsi (Amerika bazarı üçün spesifikasiyalarda) hasil edir. Elektrik mühərriklərindən biri arxa oxa quraşdırılıb, ona görə də Signia tam ötürməlidir.
Yuxarıda adı çəkilən hərəkət rejimləri sistemi üç presetə malikdir – aşağı sərfiyyatlı qənaitcil Eco rejimi, standart Normal və idman Sport rejimi. Aşağı sürətlərdə krossover daxili yanma mühərrikini işə salmadan sırf elektrik dartması ilə hərəkət edə bilər.
Avadanlıqlar siyahısı da açıqlanıb. Amerikalılara iki təchizat səviyyəsi təklif olunacaq - XLE və Limited. Onlar arasındakı fərq disklərin ölçüsündədir: birinci halda 19, ikinci halda isə 21 düymlük təkər diskləri quraşdırılır. Oturacaqların üzlükləri də fərqlidir - onlar parça və ya dəridən hazırlana bilər.
Avadanlıqların siyahısına 11 dinamik və sabvuferli JBL Premium səs sistemi, 12,3 düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin eyni ölçülü ekranı, beş USB-C portu, qızdırılan və havalandırılan oturacaqlar daxildir.
Crown Signia modelinin baza təchizatına Toyota Safety Sense 3.0 təhlükəsizlik sistemləri dəsti daxil olacaq - Limited versiyasında bu dəst zolaq dəyişdirilmə köməkçisi ilə tamamlanıb.
Toyota Crown Signia modelinin ABŞ-da satışına başlanması 2024-cü ilin yayında planlaşdırılır - model Amerika bazarında Crown ailəsində sedandan sonra ikinci model və 19-cu elektrikləşdirilmiş avtomobili olacaq. Qiymətlər satışların başlanmasına yaxın açıqlanacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.