Toyota şirkəti Yaponiyadakı zavodlarda istehsalın dayandırılmasını müddətini uzatmaq niyyətindədir. Bu barədə, yapon avtoistehsalçısının mətbuat xidmətinə istinadən Reuters agentliyi xəbər verib. İlkin hesablamalara görə, yeni dayanmalar ucbatından istehsalçı planlandığından doqquz min avtomobil az buraxacaqdır. Bu, o cümlədən Lexus markasına, habelə tələbatı təklifi ciddi şəkildə üstələyən yeni Land Cruiser 300 ofrouderinə də aiddir. Yeni dayanmaların səbəbi avtomobil sənayesinə ziyan vurmağa davam edən elektron komponentlərin çatışmazlığıdır.
Toyota şirkəti hazırda daha əvvəl Malaziya və Vyetnamdakı tədarük zəncirindəki kəsilmələr səbəbindən məruz qaldığı istehsal itkilərini kompensasiya etməyə çalışır və bu da onu istehsalı azaltmağa məcbur edir. Belə ki, şirkət oktyabr ayında tədarükçülərdən dekabr ayından başlayaraq mart ayının sonuna qədər olan dövrdə 97 min avtomobil üçün komponentləri çatdırmağı xahiş edib. Bu xahişi yerinə yetirmək üçün bəzi tərəfdaşlar bazar günləri iş növbələrini tətbiq edə bilərlər.
Hələlik Toyota, doqquz milyon avtomobilin buraxılmasını nəzərdə tutan, lakin sonradan 300 min nüsxə azaldılmış illik plana əməl edir. Bununla belə, bu məqsədin yerinə yetirilməsi qeyri-mümkün ola bilər: şirkət nümayəndəsinin sözlərinə görə, ilin nəticələri vəziyyətdən asılı olacaq.
Bu arada, yeni Toyota Land Cruiser 300 modeli üçün bir neçə illik növbə yaranıb. Xatırladaq ki, sentyabr ayında ofrouderi gözləmə müddəti dörd ilə çatırdı. Üstəlik, sifarişlərin əsas hissəsi yığılması daha çox çatışmayan komponentləri tələb edən ZX və GR Sport top versiyaların payına düşür.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.