Yarım əsrdən çoxdur ki, Toyota Century Yaponiyanın ən prestijli avtomobilidir. Ciddi görünüşə, habelə V8 və ya V12 mühərriklərinə malik olan son dərəcə mühafizəkar sedan, bu müddət ərizndə yalnız üç dəfə nəsil dəyişdirib. 2018-ci ildən buraxılan hazırkı model, 5,0-litrlik V8 mühərrikinə əsaslanan hibrid güc aqreqatı ilə hərəkətə gələn 5,3 metrlik arxa ötürməli sedandır. Belə avtomobillərin istehsalı bundan sonra da davam etdiriləcək, lakin indi başqa bir Toyota Century modeli – Century krossoveri peyda olub.
Avtomobilin konsepsiyası açıq şəkildə Rolls-Royce Cullinan modelinə nəzər salınaraq hazırlanıb və heç də pis alınmayıb: əvvəlcədən muzdlu sürücü ilə istifadə üçün yaradılmış avtomobil, indi həm də aşağı əyilmədən salona daxil olmağa imkan verən hündür kuzova malik olub. Krossoverin əhəmiyyətindən maraqlı bir nüans xəbər verir: o, indi "sadəcə" Century adlanır,halbuki ənənəvi sedan üçün Century Sedan termini istifadə olunur. Ancaq başqa bir vacib nüans da var.
Toyota Century krossoveri nə sedanın, nə də çərçivəli Land Cruiser ofrouderinin əsasında hazırlanıb - onun TNGA-K platforması kütləvi Toyota Highlander və Grand Highlander krossoverlərindəki ilə eynidir! Asqı – adi yaylıdır. Öndə McPherson dayaqları, arxada isə, çoxqollu asqı var. Century üçün bu şassini yalnız arxa təkərləri döndərən mexanizm ilə tamamlayıblar.
2570 kiloqram çəkisi olan krossover hibrid güc qurğusuna malikdir. Kapotun altında, elektromexaniki variator ilə birlikdə çalışan, eninə yerləşdirilmiş 3,5-litrlik V6 mühərriki dayanır. Arxa oxda ayrıca elektrik mühərriki (E-Four transmissiyası) var, hibrid sistemin maksimal hasilatı 412 at qüvvəsinə bərabərdir. Döşəmənin altında yerləşən dartma batareyası elektrik məişət şəbəkəsindən doldurula bilər. Batareyanın tutumu elektrik rejimində 69 kilometr məsafə qət etmək üçün kifayətdir.
Sırf texniki cəhətdən hibrid sistem sürücü ilə rahat hərəkət üçün kifayət etməlidir. Adi hərəkət rejimlərinə (Eco, Normal, Sport, Custom) Rear Comfort adlı preset də əlavə edilib. Bu preset əsas sərnişinləri yüksək rahatlıqla təmin etmək üçün tənzimlənib. Hərəkət rejiminin əsas vəzifəsi sürətlənmələri və yavaşlamaları mümkün qədər rəvan etməkdir. Dayanma zamanı dalışları azaltmaq üçün hətta əyləc qüvvələrinin balansı dəyişdirilir.
Lakin kütləvi ön ötürməli platformadan istifadə avtomobilin görünüşünə təsirsiz ötüşməyib. 5205 millimetr uzunluğu olan Century 2950 millimetrlik qeyri-mütənasib qısa təkər bazasına malikdir (Grand Highlander modelindəki kimi). Kuzovun iri formaları ilə klassik dizayn elementlərinin vəhdəti qəribə bir nəticə verib.
Krossoverin eni - 1990 millimetr, hündürlüyü - 1805 millimetrdir. 20 və ya 22 düymlük təkər diskləri arasında seçim etmək təklif olunur. Şüşə dam yalnız ikinci cərgənin oturacaqlarının üzərindədir. Arxa qapılar 75 dərəcə açılır və irəli çıxan ayaqaltılar da nəzərdə tutulub. Krossover kuzovun beş ikirəngli boyanma variantı ilə təklif olunur və yalnız iki təkrəngli variant var. Təqdimatda hətta sürüşərək açılan arxa qapısı olan (minivenlərdəki kimi) avtomobili də nümayiş etdiriblər. Bununla belə, seriya krossoverinin opsiyalar siyahısında belə bir avadanlıq nəzərdə tutulmayıb.
Salon qəti şəkildə dörd nəfərlikdir və burada əsas diqqət, əlbəttə ki, arxa cərgəyə yönəldilib. Fərdi kreslolar elektrik ötürməsi, qızdırılmə, havalandırma və açılan ayaq dayaqları ilə təchiz edilir. Arxa oturacaqların kürək hissəsi geriyə qatlana bilər, sol oturacağı (ön sərnişinin arxasındakı) irəli çəkərək, onu çarpayıya çevirmək olar. Ön oturacaqların arxa hissəsində monitorlar və əlavə havalandırma deflektorları var, baxmayaraq ki, iqlimə nəzarət sisteminin üçüncü zonası mövcud deyil.
Baqaj bölməsi salondan şüşəsi olan sərt arakəsmə ilə ayrılıb, oturacaqların arasında isə kiçik bir soyuducu quraşdırılıb. Salonun ön hissəsində heç bir sürpriz yoxdur: burada virtual cihazlar paneli, media sistemin ekranı, iqlimə nəzarət sisteminin ayrıca idarəetmə paneli (sesnorlu və yırğalanan düymələr ilə) var. Əlbəttə ki, Toyota Safety Sense elektron köməkçiləri kompleksi də avadanlıq siyahısına daxildir.
Toyota Century krossoverləri, böyük ehtimalla, əllə yığılacaqlar. Məsələn, feniksli ənənəvi emblemlər qravüra ustaları tərəfindən hazırlanır. Lakin avtomobillərin yığılması üçün Land Cruiser ofrouderinin və bir çox Lexus modellərinin istehsal olunduğu Tahara zavodu seçilib. Krossoverlər yalnız Yaponiyada satılacaq, üstəlik, onun istehsal planı kifayət qədər təvazökardır - ayda cəmi 30 avtomobil.
Toyota Century krossoverinin qiyməti 25 milyon yen, yəni 170 min dollardır! Müqayisə üçün qeyd edək ki, Century Sedan modelinin qiyməti hazırda 20,1 milyon yendir (136 min dollar). Ən bahalı Lexus LX 600 Executive ofrouderinin isə Yaponiyada 18 milyon yenə (122 min dollar) satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.