Toyota Motor Corporation yenilənmiş Fortuner yolsuzluq avtomobilinin TRD Sportivo adlanan «idman» variantını təqdim etmişdir. Yapon istehsalçısı Toyota Fortuner TRD Sportivo modelini iki rəng çalarlarına - White Pearl CS (ağ mirvari) və Attitude Black Micra (qara) rənglərinə boyamağı təklif edir. Yeni «idmançı» standart Fortuner modelindən modifikasiya edilmiş ön və arxa bamperlə, eksklyuziv qapı kandarları, qara rəngli 20-düymlük yüngül lehimli təkər diskləri, yeni səsboğucu sistem və xüsusi loqotiplər ilə seçilir.
Fortuner TRD Sportivo variantı 177 at qüvvəsi və 450 Nm fırlanma anı olan 2,8-litrlik 1GD-FTV Turbo dizel mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 6-pilləli avtomatik sürətlər qutusu vasitəsi ilə mühərrikin gücünü arxa oxa ötürür.
Opsional olaraq, müştərilər Sigma 4 AWD tam ötürməli çəkiş sistemini də sifariş edə bilərlər. Bütün bunlardan əlavə, avtomobil modifikasiya edilmiş asqı sistemi və daha güclü əyləc mexanizmləri ilə təchiz edilmişdir.
Avtomobilin salonunda xüsusi ayaqaltıları, yenilənmiş cihazlar panelini, mühərriki işə salma düyməsini, 7-düymlük sensorlu ekranı olan T-Connect məlumat-əyləncə kompleksini və ikirəngli (qırmızı və qara) tərtibatı müşahidə etmək olar. Avtomobilin artıq Tailandda satışlarına başlanmışdır. Onun qiyməti təchizatından aslı olaraq 1679000 - 1769000 bat ( 77700 - 81870 manat) arasında dəyişir.