Toyota şirkəti Gazoo Racing avtoidman bölümü ilə birlikdə HiLux pikapının «idman» variantını hazırlayıb. San-Paulu avtosalonunda təqdim edilən pikap Toyota Gazoo Racing tərəfindən hazırlanan ilk ofrouder olmaqla yanaşı, idman bölümünün Cənubi Amerika bazarı üçün yaratdığı ilk modeldir.
HiLux GR Sport modelini adi pikapdan iri «Toyota» yazısı olan radiator barmaqlığı, təkər tağlarının əlavələri, boruşəkilli kandarları və yük platformasındakı qövsləri ilə seçilir. Bundan başqa, avtomobilin təchizatına işıqdiodlarından duman əleyhinə fənərlər və kuzovun yan tərəflərinə vurulan qrafiki elementlər daxil edilibdir.
Pikapın salonunda qara dəri ilə örtülmüş, qırmızı tikişləri və başlıqlarında loqotiplər olan oturacaqları, dəyişdirilmiş cihazlar panelini, GR emblemi olan mühərriki işəsalma düyməsini və avtomobilin seriyada olan sıra nömrəsi həkk edilmiş lövhəciyi görmək olar.
Avtomobil texniki cəhətdən də adi pikaplardan fərqlənəcəkdir. Pikap daha sərt yayları və amortizatorları olan yenidən tənzimlənmiş asqıya, həmçinin yaxşılaşdırılmış sükan mexanizminə sahib olub. Pikapın kapotunun altında 177 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,8-litrlik dizel mühərriki yerləşdirilib. Güc aqreqatı altı pilləli avtomatik qutu ilə tandemdə çalışır. İlkin məlumata görə, Braziliyada 420 belə pikap yığılacaqıdr.