Toyota GR Celica adının yenidən gündəmə gəlməsi avtomobil həvəskarlarının böyük marağına səbəb olub. Şirkət modelin 2027-ci il Dünya Ralli Çempionatında (WRC) iştirak edəcəyini təsdiqləsə də, onun seriya avtomobili kimi istehsal olunub-olunmayacağı barədə hələlik açıqlama vermir.
Gazoo Racing-in prezidenti Tomoya Takahaşi “Automotive News” nəşrinə müsahibəsində bu mövzuda yayılan müzakirələrə münasibət bildirərək, “GR Celica” adlı seriya modelinin istehsalına başlanacağını heç vaxt təsdiqləmədiklərini deyib. O, həvəskarlara bu mövzudakı fərziyyələrdən zövq almağı tövsiyə edib.
Toyota-nın yeni idman avtomobilləri üçün hazırladığı G20E adlı 2,0-litrlik turbomühərrik isə bu layihələrə dair gözləntiləri artırır. Mühərrik həm eninə, həm də uzununa yerləşdirilmək üçün nəzərdə tutulub və ön, eləcə də orta mühərrikli avtomobillərdə istifadə oluna bilər.
Şirkət onun hasilatını 400 at gücündən yuxarı çatdırmağı hədəfləyir. Motosport versiyasında isə daha böyük turbokompressor sayəsində 600 at gücündən artıq göstərici əldə etmək mümkündür.
Bu mühərrik əsasında ön mühərrikli GR Celica və orta mühərrikli MR2 modelinin hazırlanması ehtimalı müzakirə olunur. Lakin Toyota MR2-nin geri qayıdacağını da təsdiqləməyib. Üstəlik, GR Celica və GR Yaris-in 2027-ci il WRC mövsümündə fərqli kuzov formaları ilə çıxış edəcəyi bildirilib.
Həvəskarlar üçün daha bir maraqlı məqam Toyota-nın ortamühərrikli prototipində mexaniki transmissiyaya qayıtmasıdır. İlkin sınaqlarda səkkizpilləli avtomatik transmissiyadan istifadə edilsə də, sonradan onu altıpilləli mexaniki transmissiya əvəz edib. Bu həllin seriya avtomobillərində tətbiq olunub-olunmayacağı isə hələ məlum deyil.
Toyota-nın Gazoo Racing modelləri ilə bağlı növbəti planlarının 2027-ci ilin yanvarında keçiriləcək Tokio Auto Salon sərgisində açıqlanması gözlənilir. Hələlik isə GR Celica-nın yollara qayıdacağına dair rəsmi təsdiq yoxdur.
Celica adının 2006-cı ildə istehsaldan çıxarıldığını nəzərə alsaq, onun mümkün qayıdışı Toyota-nın idman avtomobilləri irsinin yenidən canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









