Toyota şirkəti “bərkgedən” GR Corolla hetçbekinin qarşıdan gələn debütünə marağı körükləməyə davam edir. Əvvəllər yapon istehsalçısı avtomobilə həsr olunmuş bir neçə qısa videotizeri və şəkili dərc edib. Bu dəfə Toyota şirkəti gələcək yeniliyin kuzov elementlərinin iri şəkillərini yayıb. Bundan başqa, “bərkgedən” hetçbekin təqdimat tarixi açıqlanıb. GR model xəttindəki yeni model cari ilin 31 martında nümayiş etdiriləcəkdir.

Birinci şəkildə hetçbekin iri havalandırma dəliyi və GR seriyasının qara-qırmızı firma loqotipi quraşdırılmış ön qanadı təsvir edilir. Bu rakursdan “bərkgedən” hetçbekin qanadının adi modeldəkindən uzun olduğu görünə bilər.

İkinci şəkildə isə, güclü qanadın olduğuna dəlalət edən dərin yan ətək göstərilir. Bu elementin üzərində modelin tamötürməli modifikasiyasına işarə edən “GR-FOUR” yazısı diqqəti çəkir. Şəkildə daha genişformatlı modifikasiyaya sahib olacaq şinin bir hissəsi də görünür.

Gələcək yeniliyin texniki xarakteristikaları barədə məlumat çox azdır. Toyota GR Corolla modelinin 1,6-litrlik üçsilindrli turbomühərriki, mexaniki transmissiyanı və tam ötürmə sistemini alacağı gözlənilir. Güc qurğusunun hasilatı 300 at qüvvəsinə yaxın olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.