21 ildən sonra Toyota mexaniki ötürmələr qutusu olan Supra kupesini modifikasiya çeşidinə qaytarıb. 2023-cü model ilində idman avtomobili 387 at qüvvəli 3,0-litrlik altısilindrli mühərrik və altı pilləli iMT mexaniki ötürmələr qutusunun tandemi ilə təklif olunacaqdır. Eyni zamanda, 258 at qüvvəli 2,0-litrlik mühərrikə malik olan modifikasiya yalnız avtomatik transmissiya ilə təklif ediləcəkdir.
Mexaniki transmissiyanın geri qaytarılması üçün Toyota şirkəti Supra modelinin standart kupedən kuzov rəngi (qırmızı haşiyələri olan ağ Matte White və boz CU Later Grey) və Frozen Gunmetal Grey tərtibatlı 19-düymlük döymə təkər diskləri ilə fərqlənən A91-MT Edition adlı məhdud saylı versiyasını hazırlayıb.
Salonda eksklüziv konyak rəngli dəri ilə üzlənmiş oturacaqlar və transmissiyanın alkantaraya bükülmüş GR loqotipi olan dəstəyi var. Toyota Supra A91-MT Edition modeli 12 dinamikli JBL səs sistemi ilə də təchiz olunur. ABŞ üçün kvota 500 nüsxədən ibarət olacaqdır. Satışların başlanması 2022-ci ilin payızına planlaşdırılıb.
Mexaniki iMT transmissiyasına gəlincə, o, artıq Toyota markasının digər modellərindən, məsələn, GR Corolla hetçbekindən tanışdır. Bununla belə, Supra üçün qutu üzərində yenidən işləyiblər: onun korpusu modernləşdirilib, dişli çarxları dəyişdirilib və muftası gücləndirilib.
Mexaniki iMT qutusu yalnız 387 at qüvvəli 3,0-litrlik altısilindrli mühərrikə malik olan GR Supra modelində quraşdırılacaqdır. Şirkət hələlik belə modifikasiyanın dinamik xüsusiyyətlərini açıqlamayıb, lakin avtomatik transmissiyalı oxşar versiyanın 100 km/saat həddini 4,1 saniyəyə topladığı məlumdur.
Dartmaya nəzarət sistemi və əyləclər mexaniki qutu üçün yenidən tənzimləniblər və beləliklə, qismən buzla örtülmüş yollardakı start problemi həll edilib, döngələrdəki tarazlıq isə yaxşılaşdırılıb. GR Supra həm də yeni Hairpin+ funksiyasını əldə edib.
Beş dərəcə yuxarı qalxan kiçik radiuslu döngələrdə (adətən Avropadakı dağ serpantinləri) bu sistem sol və sağ təkərlərin fərqli yerində sürüşmə dərəcəsini təmin edərək, belə hissələrin keçidini daha ehtiraslı edir.
Başqa bir yenilik anti-roll programme (ARP) adlanır. Onun vəzifəsi asqının ən sərt tənzimləmələrində yol ilə təkərlər arasında qəfil ilişmə itkisini kompensasiya etməkdir.
Nəhayət, mexaniki transmissiyalı GR Supra modelinin avtomatik transmissiyalı sportkardan 21,8 kiloqram daha yüngül olmasına baxmayaraq, GR Supra Lightweight variantı da çeşidə əlavə edilib. Bu, çəkiyə əlavə 16,5 kiloqram qənaət deməkdir, lakin bunun müqabilində avtomobilin sahibi audiosistemdən, oturacaqların elektriklə tənzimlənməsindən və dəri üzlüklərdən imtina etməli olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.