Toyota şirkəti yeni GR Supra kupesində quraşdırılan mexaniki transmissiyanın mənşəyini açıqlayıb. Yapon konserninin nümayəndəsi “The Drive” nəşrinin jurnalistləri ilə söhbəti zamanı iMT6 transmissiyasının BMW Z4 modelinin ötürmələr qutusunun dəyişdirilmiş versiyasının olduğunu təsdiqləyib.

Toyota nümayəndəsi bunu belə izah edib: “iMT6 qutusunda  istifadə olunan detallar mövcud olan ZF mexaniki transmissiyalarından götürülüb, lakin onların kombinasiyası GR Supra üçün eksklüzivdir”. Eyni zamanda, GR Supra üçün nəzərdə tutulmuş mexaniki transmissya artıq BMW ehtiyat hissələri kataloqunda peyda olub.

Mexaniki transmissiyanın yalnız dördsilindrli BMW Z4 sDrive20i rodsterlərində quraşdırıldığı məlumdur və profil forumlarının bildirdiyinə əsasən, o, GS6L40LZ zavoddaxili kodu ilə işarələnir. Yeni altısilindrli Toyota GR Supra kupesi konstruktiv olaraq oxşar mexaniki ötürmələr qutusuna sahib olub, çünki onun BMW kataloqundakı unikal kodu GS6L50TZ kimi gedir.

Toyota nümayəndəsi üçpedallı GR Supra modelinin hazırlanmasında ZF və BMW ilə əməkdaşlıq edildiyini təsdiqləyib. Alman tərəfinin mühəndislərinin iştirakı yüksək səviyyədə olub, çünki ötürmə nisbətləri, transmissiyanın dəstəyinin və mufta pedalının düzülüşü, həmçinin pillələrin dəyişdirilməsi zamanı dirsəkli valın dövrələrini uyğunlaşdıran elektron sistemin tənzimlənməsi müzakirə olunurdu.

Təqdimat zamanı yeni GR Supra modelinin mexaniki transmissiyası barədə müəyyən məlumat verilmişdi - Toyota xüsusilə gücləndirilmiş muftanın quraşdırıldığını qeyd etmişdi.

Mexaniki transmissiyalı Toyota GR Supra modelinin qiyməti hələlik açıqlanmayıb. Üç pedalı olan idman avtomobillərinin sayına məhdudiyyət qoyulmayıb, eyni zamanda kupenin Avropa, ABŞ və Yaponiyada rəsmi olaraq satılacağı təsdiqlənib. Bəzi bazarlarda yeni kupesinin debütü A91-MT xüsusi versiyasının buraxılması ilə qeyd ediləcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.