İspaniyanın km77.com nəşrinin jurnalistləri ən son nəsil Toyota GR86 idman avtomobilini sınaqdan keçiriblər. Məlum məsələdir ki, ispanlar yapon kupesini ənənəvi “sığın testi” ilə də sınayıblar. Sınaqlar zamanı, avtomobil, əsl heyvanla qarşılaşmış kimi, kəskin şəkildə zolağı dəyişdirməli, qonşu zolağa keçərək yenidən öz zolağına qayıtmalıdır. Yığcam kupe bu manevri 77 km/saat sürəti ilə yerinə yetirə bilməyib, lakin mütəxəssislər bunu ciddi çatışmazlıq hesab etmirlər.
Arxa ötürüməli kupe bazarda yalnız bir versiyada mövcuddur - GR86 sportkarının kapotunun altında 234 at qüvvəli 2,4-litrlik dördsilindrli oppozit mühərriki var. Mühərrik 6-pilləli mexaniki transmissiya ilə tandemdə çalışır.
Test edilmiş versiya, digər avadanlıqlarla yanaşı, Michelin Pilot Sport 4S şinləri taxılmış 18-düymlük təkər diskləri də daxil olan Touring Paketi ilə təchiz edilib. Yapon kupesi ən yaxşı cəhdində 75 km/saat sürətini qeydə alıb ki, bu da “sığın testi” üçün keçid nəticəsi sayılmır.
Ancaq bu nəticə məyusluq üçün səbəb deyil. Yeganə mənfi cəhət - təkərlərə göndərilən dartma qüvvəsini boğan stabilləşdirmə sisteminin çox erkən müdaxiləsidir. Mütəxəssislər Toyota GR86 modelinin sükan mexanizminin yaxşı kökləndiyini, lakin dəqiq idarəetməni tələb etdiyini bildiriblər - sükanla daha sürətlə və aqressiv davrandıqda, bu, izafi dönmə qabiliyyətinə gətirib çıxarır. Daha rəvan idarəetmə avtomobilə daha sürətlə manevr etməyə imkan verir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.