Dünyada böyük tələbata malik olan model təkcə Ford Bronco ofrouderi deyil. Məsələn, Yaponiyada yeni nəsil Toyota Harrier almaq istəyənlərdan bir il yarımlıq növbə yaranıb.
Toyota şirkəti yerli bazarda ayda üç min ədəd Harrier satmağı planlaşdırırdı, lakin krossoverə olan tələbat gözlənilənlərin üzərində olub - satışların başladığı gündən etibarən, dörd həftə ərzində, öncədən sifarişlərin sayı 45 minə çatıb! Şirkət istehsalı artırmadığı təqdirdə, müştərilər Harrier modelini 15 ay gözləmək məcburiyyətində qalacaqdırlar!
Yaponiyada krossoverin qiyməti üç ilə beş milyon yen (47 - 79 min manat) arasında dəyişir. Toyota Harrier modelinin baza variantı 171 at qüvvəli 2,0-litrlik mühərrik və Direct Shift-CVT variatoru ilə təklif edilir. Bundan başqa, 2,5-litrlik mühərrikə əsaslanan, 218 və ya 222 at qüvvəsi hasil edən THS II hibrid güc qurğusu da mövcuddur. Bu aqreqatlardan hər biri ön və ta tam ötürmə (hibrid avtomobildə arxa oxu ayrıca elektrik mühərriki hərəkətə gətirir) ilə tandemdə çalışa bilər.
Toyota Harrier modelini TRD bölməsi tərəfindən hazırlanmış xüsusi versiyada da sifariş etmək mümkündür. Belə krossover baqaj qapağındakı spoyleri, dörd çıxış borusu olan səsboğucu sistemi və yan ətəkləri ilə seçilir. Texniki fərq - yeni GR amortizatorları və yaylarından ibarətdir.