Toyota şirkəti, 25 mart tarixində Nyu-Yorkda işinə başlayacaq avtomobil sərgisində Highlander modelinin yenilənmiş variantını göstərmək niyyətindədir. Yenilənmiş yolsuzluq avtomobili radiator barmaqlığının forması və modifikasiya edilmiş ön fənərləri ilə seçilir. Bundan əlavə, yapon istehsalçı yenilənmiş Highlander modelini səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə də təchiz etmişdir. Yeni sürətlər qutusu altı pilləli «avtomatı» əvəzləyəcəkdir.

Yeni sürətlər qutusu, birbaşa yanacaq çiləmə funksiyası ilə təchiz edilmiş 3,5-litrlik altı silindirli yenilənmiş benzin mühərriki ilə birlikdə çalışacaqdır.  Bu güc aqreqatının sələfindən daha güclü və qənaətcil olduğu söylənsə də, onun texniki xarakteristikaları istehsalçı tərəfindən açıqlanmamışdır. Xatırladaq ki, yenilənmədən əvvəlki Toyota Highlander modelinin analoji mühərrikinin gücü 270 at qüvvəsi təşkil edirdi.

Bu güc aqreqatı avtomobilin bütün modifikasiyalarına quraşdırılacaqdır. Bununla belə, Toyota Highlander modelinin baza variantı, azərbaycanlılara Prado modelindən yaxşı tanış olan 188 at qüvvəli 2,7-litrlik dörd silindirli mühərrik, altı pilləli «avtomat» və öndən çəkiş sistemi ilə təchiz ediləcəkdir. Avtomobilin hibrid variantı isə təkmilləşdirilimiş 3,5-litrlik V6 mühərriki və variatorla komplektləşdiriləcəkdir.

ABŞ bazarında Highlander modelinin «idman forması geyinmiş» SE modifikasiyası da təklif ediləcəkdir.

Toyota Highlander SE təkmilləşdirilmiş asqı sistemi, 19-düymlük alüminiumdan hazırlanmış təkər diskləri və radiator barmaqlığının, duman əleyhinə işıqların və ön fənərlərin qara rəngə boyanmış korpusları ilə seçiləcəkdir.

Bu qəbildən olan avtomobillərin oturacaqları gümüşü tikişləri olan qara dəri ilə örtüləcək və xüsusi loqotiplə təchiz ediləcəkdirlər. Toyota Highlander modelinin baza təchizatına Toyota Safety Sense P adlanan təhlükəsizlik sistemi kompleksi daxil edilmişdir.

Bu kompleksin tərkibinə öndən toqquşmaların qarşısını alan sistem, zolaqlara nəzarət sistemi, uzaq işıqları avtomatik olaraq yaxın işıqlara keçirən sistem, piyadanı aşkarlayaraq avtomatik əylənməni təmin edən sistem və adaptiv kruiz-kontrol daxil edilmişdir. Bundan əlavə, dairəvi videogörüntü sistemini, salonun qəhvəyi dəri ilə tərtibatını və beş USB girişi olan multimedia sistemini də sifariş etmək olar.

Yenilənmiş Toyota Highlander modelinin ABŞ bazarındakı satışları bu ilin payızında başlanmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt