Toyota konserni 2024-cü ilin tam satış nəticələrini dərc etməsə də, yaponların qələbəni bayram etməyə səbəbləri var. Keçən ilin yanvar-noyabr ayları ərzində yapon konserni dünya üzrə 9 857 938 avtomobil satıb. Qeyd etmək gərəkdir ki, bu göstəriciyə konsernə daxil olan Lexus, Daihatsu və Hino markalarının satışları da daxildir. Xatırladaq ki, bir qədər əvvəl Volkswagen konserni də illik satış rəqəmlərini açıqlayıb – alman konserni 12 ay ərzində 9 239 500 avtomobil (minus 2,3%) satıb.
Hətta 2024-cü ilin dekabr ayındakı satışları nəzərə almasaq, Toyota alman rəqibindən 618 438 avtomobil çox satıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə satışların 3,6% azalmasına baxmayaraq, yapon nəhəngi artıq ardıcıl olaraq beşinci ildir ki, dünyanın ən böyük avtomobil istehsalçısıdır.
Toyota konserninin elektromobillər seqmentinə gec daxil olmasına baxmayaraq, o, daxili yanma mühərrikli avtomobillərin böyük çeşidi sayəsində dünaynın istənilən bölgəsində satışları həyata keçirməyə nail olub. Yaponiyada populyar olan key-karlardan tutmuş Amerika satılan tam ölçülü ofrouderləri təklif edən Toyota konserninin model cərgəsində boşluq tapmaq mümkün deyil. Yaponların çeşidində sedanlar, universallar, pikaplar, minivenlər və hətta bir neçə idman avtomobili var. Sonunculara misal kimi, GR86 və GR Supra modellərini göstərmək olar, lakin onlar xüsusi seqmentdə çıxış ediklərinə görə, satışlara elə də ciddi təsir göstərmirlər.
Volkswagen Group konserninə gəldikdə isə, onun çətirinin altındakı markaların sayının çox olmasına baxmayaraq, almanlar yenə də yaponları üstələyə bilməyiblər. Alman konserni geniş çeşiddə hibrid və elektromobilləri təklif etsə də, bu, Toyota konsernini liderlikdən məhrum etmək üçün kifayət olmayıb.
Çox güman ki, Hyundai və Kia şirkətlərinin daxil olduğu Hyundai Motor Group konserni podiumun sonuncu pilləni tutacaq. 7,23 milyon avtomobil satmış Cənubi Koreya konserninin satışları keçən illə müqayisədə cəmi 1% azalıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.