Bir il əvvəl Toyota şirkəti səkkizsilindrli mühərriklərdən imtna edəcəyini bildirmişdi və artıq bunun nəticələrini görürük: yeni Land Cruiser 300 modelinin mühərrik çeşidində belə aqreqatlar yoxdur. İndi isə, Kia və Genesis markalarının da daxil olduğu Hyundai konserni belə mühərriklərdən imtina edəcəyini bildirib. Üstəlik, koreyalılar V8 mühərriklərindən bu ilin sonunadək qurtulmaq niyyətindədirlər.

İlk mink V8 Omega mühərriki 1999-cu ildə Hyundai Equus nümayəndəlik sedanı ilə birlikdə Koreya istehsalçısının mühərrik çeşidində peyda olub. Avtomobilin özü kimi, bu mühərrik də Mitsubishi tərəfindən kapotun altında eninə yerləşdirilmək üçün hazırlanmışdı.

4,5-litrlik aqreqat 260-270 at qüvvəsi hasil edirdi. 2008-ci ildə Hyundai şirkəti artıq klassik quruluşlu avtomobillər üçün hazırladığı Tau seriyasından olan V8 mühərrikini təqdim etdi. Yeni 4,6-litrlik mühərriki ilə təchiz edilən ilk modellər Hyundai Genesis sedanı və Kia Mohave ofrouderi olmuşdu.

Bu mühərrikin təkmilləşdirilmiş və iş həcmi 5,0 litrə qədər artırılmış versiyası hələ də xidmətdədir. Bununla birlikdə, belə mühərrik ilə təchiz edilmiş modellərin siyahısı getdikcə qısalır. Yeni nəsil Genesis G80 sedanı artıq V8 mühərriki ilə təchiz edilmir və son restaylinqdən sonra “qohum” Kia K900 modeli də V8 mühərrikindən məhrum olub.

Beləliklə, indi Tau mühərriki yalnız Genesis G90 nümayəndəlik sedanında quraşdırılır, lakin cari nəsil G90 sedanının istehsal dövrü demək olar ki, başa çatıb - ilin sonuna qədər təqdim olunacaq yeni nəsil Genesis G90 modeli səkkizsilindrli mühərriki almayacaqdır.

Tau mühərrikinin əvəzləyicisi də artıq hazırdır - bu, artıq yeni Genesis G80, GV70 və GV80 modellərində quraşdırılan, Smartstream ailəsindən olan 3,5-litrlik altısilindrli T-GDI biturbomühərrikidir.

Güc baxımından turbomühərrik V8 atmosfer mühərrikindən (425-ə qarşı 380 at qüvvəsi) daha zəifdir, lakin fırlanma anı baxımından onu üstələyir (520-ə qarşı 530 Nm). Üstəlik, turbomühərrikdə maksimal firlanma anı artıq 1500-4500 dövr/dəqiqə aralığında əlçatandırsa, V8 mühərrikində belə nəticə 5000 dövr/dəqiqədə əldə edilir. (c) Autograph.az