Yaponiyanın Kuhl Racing atelyesi kompakt Toyota Land Cruiser FJ üçün Iron Build adlı geniş təkmilləşdirmələr paketi hazırlayıb. Konsept mərhələsində olan layihə avtomobilin yolsuzluq imkanlarını və daha brutal görünüşünü ön plana çıxarır.

Paketə yüksəldilmiş asqı sistemi, iri yolsuzluq şinləri, yeni bamperlər və kuzov elementləri daxildir. Ön hissədə standart bamper daha iri konstruksiya ilə əvəz olunub, alt qoruyucu lövhə əlavə edilib. Avtomobil 18-düymlük disklər və Dunlop Grandtrek şinləri ilə təchiz edilir. Daha iri 20 və 22 düymlük disklər də nəzərdə tutulur.

Kuhl Racing əlavə olaraq LED işıq paneli inteqrasiya edilmiş polad ön qoruyucu, retro üslublu dairəvi faralar və arxa hissə üçün yeni bamper hazırlayır. Planlaşdırılan aksesuarlar arasında arxa qapıda ehtiyat təkər üçün bərkidici, dam baqajı, damın arxa spoyleri, dörd çıxışlı səsboğucu və xüsusi oturacaq üzlükləri də var.

Texniki təkmilləşdirmələr bununla bitmir. Atelye tənzimlənən asqı sistemi, gücləndirilmiş əyləclər və 2,7-litrlik benzin mühərriki üçün kompressor dəsti üzərində də işləyir. Bu yeniliklər avtomobilin həm yolsuzluq, həm də dinamika xüsusiyyətlərini artırmağa yönəlib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kuhl Racing-in Iron Build Full Customization Plan paketinin qiyməti 1 032 130 yen, yəni təxminən 6 475 ABŞ dollarıdır. Paketlə birlikdə tam modifikasiya edilmiş Land Cruiser FJ-nin qiyməti 5 250 000 yenə — təxminən 33 020 dollara çatır. Qiymətlər Yaponiya bazarı üçün göstərilib.

Iron Build hələlik konsept olaraq qalır. Kuhl Racing layihəni yaxın zamanda real avtomobilə çevirməyi planlaşdırır, lakin satışların başlanma vaxtı və bütün təkmilləşdirmələrin yekun texniki göstəriciləri açıqlanmayıb.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.