Yaponiya polisi üçün J100 seriyasından olan modifikasiya edilmiş Toyota Land Cruiser ofrouderi hazırlanıb. Patrul avtomobili Kyusu adasındakı Saqa prefekturasının polis departamentinin avtoparkında peyda olub. Avtomobil yerli polisin ənənəvi ağ-qara rənginə boyanıb, həmçinin ön bamperdəki əlavə sayrışan işıqlar və damdakı işıq paneli ilə təchiz edilib. Bundan əlavə, Land Cruiser patrul əməkdaşları üçün faydalı olacaq bir çox cihazla da təchiz olunub.
Patrul avtomobili livreya və əlavə işıqlandırma ilə yanaşı, barmaqlığındakı Yaponiyanın İmperator Gerbini simvolizə edən xrizantemanın olması ilə də seçilir. Bununla belə, əsas dəyişikliklər ofrouderin salonunda baş verib.
Avtomobilin salonunda polis radiostansiyası, səs və işıq siqnallarını idarə edən əlavə düymələr, yanğınsöndürən balon quraşdırılıb. Əlcək qutusunun yanında yol kənarında bitən ağacların budaqlarını kəsmək üçün xüsusi bıçaq da var.
Ön panelin sərnişin tərəfində axtarış fənərini doldurmaq üçün çıxış var. Ön oturacaqların arxa hissəsində bir cüt qatlanan masa quraşdırılıb. Bundan əlavə, inventarda yol konusları, addım sayğacı və zəminə tökülmüş yağları zərərsizləşdirmək üçün nəzərdə tutulmuş reagent olan konteyner var. Patrul Land Cruiser ofrouderinin kapotunun altında 235 at qüvvəli 4,7-litrlik səkkizsilindrli benzin mühərriki yerləşir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.