Yeni nəsil Toyota Land Cruiser Prado modeli haqqında insayder məlumatı peyda olub. Əvvəllər ofrouderin yeni nəslinin 2022-ci ilin qışında təqdim olunacağı ehtimal edilirdi. Lakin Best Car Web saytı yapon dilerlərinə istinadən, yeni Land Cruiser Prado modelinin təqdimatının ən azı 2023-cü ilin avqust-sentyabrına qədər təxirə salındığını bildirib.

Mənbələr Prado modelinin təqdimatının təxirə salınmasını, Toyota şirkətinin Alphard və Noah minivenlərini (Voxy və Esquire kimi də bilinir) yeniləmək, həmçinin Crown adlı krossoveri buraxmaq planları ilə izah edirlər.

Toyota Land Cruiser Prado modeli ilə bağlı bəzi detallar artıq məlumdur. İlkin məlumatlara görə, yeni ofrouder cari modeldən ölçüləri ilə fərqlənəcəkdir. Belə ki, yeni model sələfindən 15 millimetr qısa, 60 millimetr alçaq və 30 millimetr daha enli olacaqdır. Yeni Prado modelinin mühərrik çeşidinə 2.8-litrlik dizel mühərrikinin və iki turbokompressorlu altısilindrli mühərrikin daxil ediləcəyi ehtimal olunur. 2024-cü ildə isə, ofrouderin hibrid modifikasiyası bazara çıxacaqdır.

Best Car Web saytının bildirdiyinə görə, Noah modelinin yenilənməsinin 2022-ci ilin birinci rübündə keçirilməsi planlaşdırılır, Crown krossoveri ilin ortalarında, yenilənmiş Alphard isə ilin ikinci yarısında debüt edəcəkdir. Eyni zamanda, portal hansı Crown modelindən söhbət getdiyini açıqlamır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.