Bu gün xalqımız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 101-ci ildönümünü qeyd edir. Bu əlamətdar hadisəni qeyd etmək üçün, «Toyota/Lexus Club Azerbaijan» avtomobil klubunun üzvləri 16 iyun tarixində «Salam əsgər» adlı xüsusi tədbiri həyata keçiriblər. Bu layihənin müəllifi və eyni zamanda klubun rəhbəri Mahmud Yusubov tədbir haqqında bunları söyləyib:
«Layihəmizin əsas məqsədi Milli Ordumuza və əsgərləırimizə olan dəstəyimizi nümayiş etdirmək və qarşıdan gələn 26 iyun Azərbaycan Resbulkiası Silahlı Qüvvələr gününü qeyd etmək olub. Bu məqsədlə Toyota və Lexus avtomobillərindən ibarət olan «Salam əsgər» kəlməsini yazmaq qərarına gəldik. Əlbəttə ki, böyük bir meydançada avtomobilləri düzmək gərək idi, və inanın ki, bu o qədər də asan başa gəlmədi.
Layihənin çertyojunu özüm hazırlamışam. Klubun idarə heyətinin üzvləri günorta saat 2-dən başlayaraq işarələmələri və hesablamaları həyata keçiriblər. Axşam saat 6-da avtomobilləri düzməyə başlamışıq və tədbir gecə saat 10-a qədər davam edib. Alınan yazının ölçüləri təxminən 65x38 metr olub. Yazını qurmaq üçün 84 ədəd Toyota və Lexus avtomobillərindən istifadə olunub. Ümumilikdə bu tədbirdə klubumuzun 160-dan çox avtomobili iştirak edib. Bu yolla biz əsgərləmizi salamlayaraq, Milli Ordumuzun bayramını təbrik etmək istəmişik. Ən böyük arzumuz isə, belə tədbirin tezliklə işğaldan azad olunacaq torpaqlarımızda keçirməkdir».