Toyota şirkəti yeni innovasyon rəqəmsal yol xəritələri sistemini hazırlamaq niyyətində olduğunu bildirmişdir. Bu sistemin əsasını mülki avtomobillər tərəfindən yığılan məlumatlar təşkil edəcəkdir. Yeni texnologiyanın nümayişi gələn ilin yanvar ayında Las-Veqasda keçiriləcək istehlak elektronikası sərgisində (CES - Consumer Electronics Show) baş tutacaqdır.
Yeni sistem, avtomobillərin kameraları tərəfindən çəkilmiş fotoşəkillərdən və avtomobillərin dəqiq marşrutu haqqında GPS-qəbuledicilərinin məlumatlarından istifadə edəcəkdir. Əldə edilmiş məlumatlar, onların təhlili və cəmləşdirilməsi üçün, avtomatik informasiya emal mərkəzinə daxil olacaqdır.
Məlumatların xüsusi «bulud anbar»larında cəmlənməsi və avtomatik olaraq yenilənməsi nəzərdə tutulur. Yaponların iddia etdiklərinə görə yeni texnologiya, 3D lazer skanerləri ilə təchiz edilmiş xüsusi avtomobillər vasitəsi ilə yaradılan rəqəmsal xəritələrin tərtibatı üsuluna nisbətən əhəmiyyətli üstünlüyə malikdir. Bu günkü üsul daha çox xərc tələb edir, qeyri-dəqiqdir və yenilənmə seyrək şəkildə aparılır.
Toyota’da hesab edirlər ki, yolayrıcları, zolarlar, yol nişanları və sürət məhdudiyyətləri haqqında olan dəqiq məlumatlar, gələcəkdə seriya avtomobillərində avtonom idarəetmə sistemlərinin tətbiqində çox gərəkli olacaqdır.
Yapon şirkəti 2020 ilə qədər, ilkin olaraq iri magistrallarda sərbəst hərəkət edə biləcək pilotsuz avtomobillərin kütləvi buraxılışını təşkil etmək fikrindədir. Sonradan, rəqəmsal xəritələrin inkişafı sayəsində adi regional yollarda da avtopilotdan istifadə etmək mümkün olacaq.
Bu məqsədlə Toyota, vahid xəritə xidməti yaratmaq üçün, digər avtomobil istehsalçıları ilə birləşmək fikrindədir.
Oktyabr ayında yapon şirkəti süni idrakın yaradılmasına 5 il ərzində 1 milyard dollar vəsait investisiya edəcəyini bildirmişdir. Bu layihə çərçivəsində avtonom idarəetmə sistemlərinin, robot texnikasının, həmçinin yaşlılar və əlillər üçün avtomobil sistemlərinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.