“Reborn” sözü, “yenidən dirçəldilməsi” gözlənilən mövcud modelə işarə edə bilər. Ən məntiqli variant sonuncu, dördüncü nəsli 2015-ci ildə debüt etmış Prius modelidir. Sonuncu dəfə Prius modelinin nəsil dəyişdirəcəyi barədə şayiələr keçən il peyda olmuşdular - o zaman Toyota hibridinin növbəti nəsli haqqında məlumatın məhz 2022-ci ilin sonuna qədər açıqlanacağı bildirilirdi.
Toyota şirkəti sosial şəbəkələrdə noyabrın 16-da təqdim etməyə hazırlaşdığı naməlum modelin tizerini yayıb. Şəkildə avtomobilin yalnız yan konturu göstərilib – avtomobilin liftbək kuzova malik olduğu ehtimallar arasındadır. Yeni model haqqında bilinən yeganə şey onun elektromobil deyil, hibrid olmasıdır, çünki şəkildəki şüarda “Hybrid Reborn” (“Hibrid yenidən doğulur”) yazılıb. Çox güman ki, tizer yeni nəsil Prius modelinin təqdim ediləcəyinə işarədir.
Öz insaydları ilə məşhur olan Yaponiyanın “BestCarWeb” nəşri daha əvvəl nəsil dəyişdirən Prius modelinin benzin-elektrik güc qurğusunu qoruyub saxlayacağını və hidrogenlə çalışan modifikasiyaya sahib olacağını bildirmişdi.
Toyota üçün bu, hidrogenlə çalışan daxili yanma mühərriki ilə apardığı ilk təcrübə deyil: keçən il yeni püskürtmə sisteminə və yanacaq xəttinə malik olan eksperimental 1,6-litrlik turbomühərriklə təchiz olunmuş Corolla Sport modeli debüt etmişdi. Mühərrikdə benzin əvəzinə yüksək sürətlə alışan sıxılmış hidrogendən istifadə edilirdi. Plagin hibrid güc qurğusunun tərkib hissəsi olacaq belə bir mühərrikin növbəti nəsil Toyota Prius modeli üçün nəzərdə tutulduğu da söylənilənlər arasındadır.
Qeyd etmək lazımdır ki, Corolla modelinin hidrogenə keçidi zamanı daxili yanma mühərrikinin səsi və xarakterik vibrasiyası qorunub saxlanılıb, zərərli tullantıların səviyyəsi isə əhəmiyyətli dərəcədə azaldılıb.
Ancaq istənilən halda, emissiya yenə də sıfır səviyyəsində deyil: yanacaq hüceyrələri ilə çalışan avtomobillərdən (məsələn, Toyota Mirai sedanı kimi) fərqli olaraq, belə aqreqata malik olan avtomobillər atmosferə az miqdarda da olsa, karbon qazı və azot oksidi atırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.