Bir il əvvəl Toyota yenilənmiş “qaynar” GR Yaris hetçbekini təqdim edib. O zaman hot-hetç avtomatik transmissiyanı və özünəməxsus interyeri alıb. Lakin bu məşhur modelin təkamülü bununla bitməyib. Bu günlərdə işinə başlamış Tokio Auto Salon avtosalonunda Toyota və onun Gazoo Racing idman bölməsi üç perspektivli Yaris hetçbekini nümayiş etdirib, onlardan biri həqiqətən dəlisovdur.

Reallığa ən yaxın olan Toyota GR Yaris NÜR 24h modelidir. Prototip keçən ilki Tokyo avtosalonunda  nümayiş etdirilib və son bir il ərzində avtomobil döyüş şəraitində ciddi sınaqlar və incə tənzimləmələr dövründən keçib. Çünki bu versiyanın əsas məqsədi “Nürburqrinq 24 saatı” marafonunu fəth etmək olacaq.

Image alt Image alt

Hetçbekdəki ən vacib yenilik innovativ Gazoo Racing Direct Automatic transmissiyasıdır. Bununla belə, yaponlar onun haqqında təfərrüatları açıqlamayıblar. Bu il hot-hetç dözümlülük yarışları üzrə marafonda iştirak edəcək, özü də pilotlardan biri Akio Toyoda olacaq.

İkinci yenilik təkmilləşdirilmiş kuzov dəstinə malik olan GR Yaris Aero hetçbekidir. Onun kuzov dəsti peşəkar yarışçıların iştirakı ilə hazırlanıb. Dəstə kapotdakı hava girişi, ön qanadlardakı havalandırma dəlikləri, başqa arxa bamper, tənzimlənən spoyler və əl əyləcinin şaquli dəstəyi daxildir. Hələlik, GR Yaris Aero prototip qismində göstərilib, lakin böyük ehtimalla, bu dəsti gələcəkdə ayrıca satın almaq mümkün olacaq.

Image alt Image alt

Yapon istehsalçısının stendindəki əsas şou-stopperi Toyota GR Yaris M hetçbeki olub. Onun adındakı qısa prefiksi yarışlarda Morizo təxəllüsü ilə yarışan Akio Toyodaya işarədir. Üçqapılı hetçbek tərs çevrilmiş quruluşa malikdir: mühərrik ön oturacaqların arxasındakı baza daxilində quraşdırılıb.

Özü də bu standart 1,6-litrlik “turboüçlük” (Yapon spesifikasiyasında 304 at qüvvəsi və 400 Nm) deyil, keçən ilin yazında bəyan edilmiş perspektivli 2,0-litrlik dördsilindrli G20E turbomühərrikdir. Yol avtomobillərində bu mühərrikin gücünün 400 at qüvvəsinə, yarış versiyalarında isə, 600 at qüvvəsinə qədər artırılacağı vəd edilir. Mühərrik kiçik ölçüləri və yüksək istilik səmərəliliyi ilə seçilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

GR Yaris modelinin standart tam ötürmə sistemi saxlanılıb, lakin əksinə quraşdırılıb: JTEKT muftası arxa təkərləri deyil, ön təkərləri qoşur. Üstəlik, məcburi şəkildə açılmış mufta ilə təmin edilən sırf arxa ötürməli idarəetmə rejimi də nəzərdə tutulub. Bəs belə bir “mutant” nə üçün lazımdır?

Artıq ortamühərrikli Yaris hetçbekinin yapon Super Taikyu yarış seriyasında yarışacağı açıqlanıb. Ancaq görünən odur ki, bu çempionatdan yalnız sınaq meydançası kimi istifadə ediləcək. Yapon mətbuatı bu prototipdə yenidən model xəttinə qaytarılması planlaşdırılan ortamühərrikli Toyota MR2 idman avtomobilinin texniki hissəsinin sınaqdan keçirildiyindən əmindir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.