Bir çox avtomobil istehsalçıları kimi, Toyota da karbon neytrallığına istiqamət götürüb. Bu, "yaşıl" avtomobillərin istehsalı ilə yanaşı, sıfır karbon emissiyasına nail olmaq üçün, dünya üzrə səpələnmiş zavodların yenidən avadanlıqla təchiz edilməsi deməkdir. Daha bir eko-təşəbbüs kimi, istehsalçılar öz istixanalarını yaratmağa başlayıblar ki, burada da avadanlıq tərəfindən ayrılan istilik və CO₂ istifadə edərək giləmeyvə və tərəvəz yetişdirilir.
Keçən il Toyota fermerlərin köməyi ilə Yaponiyanın Kamiqo şəhərindəki mühərriklərin istehsal olunduğu zavodda eksperimental çiyələk istixanası qurub. Daha sonra Miyosidəki istehsal meydançasında başqa bir istixana təşkil edilib ki, burada da çeri pomidorları yetişdirilir.
Minimum istifadə edilməyən sahəsi olan istixanaların xüsusi dizaynı, eyni ölçülü sahə ilə müqayisədə məhsuldarlığı 1,5 dəfə artırmağa imkan verir. Bundan əlavə, Toyota fotosintez üçün lazım olmayan yaşıl rəngdən tamamilə məhrum edilmiş unikal çəhrayı parıltılı LED-lərdən yararlanır.
Bununla belə, yapon fermerlərinin narahatçılığına əsas yoxdur: Toyota bazara girmək fikrində deyil və öz məhsullarını öz yeməkxanalarında pulsuz paylayır. Üstəlik, avtomobil nəhəngi kənd təsərrüfatı sektorunun effektivliyini yüksəltmək üçün öz təcrübəsindən istifadə etmək istəyir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.