Əlbəttə ki, Toyota şirkətinin Paris avtosalonundakı əsas premyerası Supra modeli olacaqdır. Lakin, yaponlar Fransaya başqa yenilikləri də gətirmək niyyətindədirlər. Bunlar Toyota Yaris hetçbekinin yeni variantlarıdır.
Yapon istehsalçısı Gazoo Racing idman bölümünü Avropada təbliğ etmək niyyətindədir və bu məqsədlə Toyota Yaris GRMN “qaynar” hetçbekinin daha sadə variantı olan GR Sport modifikasiyasını Parisdə nümayiş etidrəcəkdir. Gazoo Racing bölümü yarış avtomobillərinin inşası və Yapon bazarına ünavanlanmış modellərin tüninqi ilə məşğul olur. Lakin, yaponlar məhsullarını qlobal bazarda da tanıtmaq istəyirlər.
Toyota Yaris GR Sport modeli 100 at qüvvəli hibrid güc qurğusuna malik olan adi beşqapılı hetçbekin bazasında yaradılıbdır. Hibrid qurğunun tərkibinə 75 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki, 61 at qüvvəli elektromotor və firma elektromexaniki variator daxildir. Avtomobilin təkmilləşdirməyə məruz qalmış əsas hissəsi onun asqısıdır. Yaris GR Sport modfikasiyası GRMN versiyasından götürülmüş Sachs amortizatorlarına malik olan asqı və daha sərt stabilizatorlar ilə təchiz edilir. Hetçbekin klirensi 11 millimetr azaldılıbdır.
Modelin təchizatına 17-düymlük təkər diskləri, beşinci qapı üzərindəki genişləndirilmiş spoyler, daxili tündləşdirilmiş fənərlər və qara rəngli kuzov dekoru daxil edilibdir. Yaris GR Sport modelinin interyerində GT86 modelindən götürülmüş sükan çarxına, yan dəstəyi gücləndirilmiş oturacaqlara və yeni dizaynlı cihazlar panelinə rast gəlmək olar.
İkinci versiya Yaris modelinin 20 illik yubileyinə həsr edilən Y20 modifikasiyasıdır. Məlumdur ki, ilk Yaris modeli 1998-ci ildə Paris avtosalonunda debüt edib. Bu il Parisdəki sərgidə Launch Edition tərtibatına malik olan avtomobil nümayiş etdiriləcəkdir. Yaris Y20 Launch Edition qızılı rəngli kuzova, 16-düymlük xüsusi təkər disklərinə, xüsusi emblemləri və ikirəngli örtüyü olan oturacaqlara malik olacaqdır.
Toyota Yaris Y20 Launch Edition modelinin tirajı 1998 ədədlə məhdudlaşdırılıb.
Sonradan Y20 modeli daimi əsasla Yariş modelinin model xəttinə daxil olacaqdır. Bu avtomobillər qızılı rəng əvəzinə standart rəngələrə boyanacaqdırlar. Avropa bazarında GR Sport və Y20 modelləri bu ilin sonunda satılmağa başlayacaqdırlar.