Toyota şirkəti 2025-ci ilədək Avropadakı satış strukturundakı elektrikli nəqliyyat vasitələrinin payını 10 faizə çatdırmaq niyyətindədir. Ən maraqlısı odur ki, yapon istehsalçısına bu niyyəti həyata keçirməyə Stellantis ittifaqı kömək edəcəkdir.
Toyota Proace City
Məsələ ondadır ki, Toyota və keçmiş PSA konserni (Stellantis ittifaqının tərkibinə daxil olub) uzun müddət dir ki, yüngül kommersiya avtomobilləri seqmentində əməkdaşlıq edirlər və bu istiqamət daha da inkişaf etdiriləcəkdir. Stellantis ittifaqı yapon markası üçün yalnız orta ölçülü Toyota Proace (Peugeot Traveller/Expert, Citroen SpaceTourer/Jumpy və Opel Zafia Life/Vivaro modellərinin əkizi) furqon və minivenlərini deyil, həm də yığcam Toyota Proace City (Avropadakı Peugeot Rifter/Partner, Citroen Berlingo və Opel Combo modellərinin analoqu) minivenini buraxacaqdır.
Avropa markaları altında buraxılan avtomobillər artıq elektrik versiyalarını əldə ediblər, indi isə nöbvə Toyota modellərinə çatıb.
Toyota Proace City
Texniki cəhətdən Toyota Proace City Electric modeli avropalı “qardaşları” ilə tamamilə eynidir. Seçim olaraq, Verso indeksinə malik olan sərnişin versiyası və 800 kiloqram yükgötürmə qabiliyyətinə malik olan furqon təklif edilir. Avtomobilləri standart (4,4 metr) və ya uzadılmış (4,75 metr) versiyada sifariş etmək olar.
Üstəlik, Toyota Proace City Verso modeli beş və ya yeddi yerlik salonla təklif edilir. İkinci oturacaq cərgəsinin arxasındakı baqaj bölməsinin həcmi müvafiq olaraq 597 və 850 litr təşkil edir. Oturacaqların qatlanması halında baqaj bölməsinin tutumu müvafiq olaraq 2.126 və 2.693 litrə qədər artırıla bilər. Bundan əlavə, elektrik Toyota miniveni 750 kiloqrama qədər çəkisi olan qoşqunu yedəyə alır.
Toyota Proace City
Toyota Proace modelinin təchiz edildiyi elektrik güc qurğusunun hasilatı 136 at qüvvəsi və 260 Nm fırlanma anıdır. Lakin bu rəqəmlər yalnız Power rejimində əldə edilə bilər. Ancaq Normal rejimində güc qurğusunun hasilatı 109 at qüvvəsi və 210 Nm, Eco rejimində isə 82 at qüvvəsi və 180 Nm ilə məhdudlaşır.
Furqon modifikasiyadan asılı olaraq 100 km/saat həddinə 11,2-11,7 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 135 km/saatdır.
Toyota Proace City Verso
50 kilovat-saatlıq tutuma malik olan dartma batareyası sərnişin bölməsinin döşəməsinin altında yerləşir. Versiyadan asılı olaraq, elektrik furqonunun yürüş ehtiyatı WLTP dövrünə əsasən 260 ilə 280 kilometr arasındadır.
Avtomobilin təchiz edildiyi dəyişkən cərəyanlı yükləmə cihazı bir fazalı çıxışa qoşulduqda 7 kilovatlıq, üç fazlı çıxışa qoşulduqda isə 11 kilovatlıq gücə malik olur. Daimi cərəyanlı terminalından isə 100 kilovat gücündə yükləmə dəstəklənir.
Toyota Proace City Verso
Furqonun baza təchizatına səkkiz düymlük ekranı olan media sistemi, elektron köməkçilər kompleksi, virtual cihazlar paneli və elektrik əl əyləci daxildir. Toyota Proace City Electric modellərinin Avropadakı satışlarına bu ilin dördüncü rübündə başlanmalıdır.
Təəssüflər olsun ki, Toyota Proace City minivenləri Azərbaycan bazarında təklif edilmirlər.