Toyota yapon markasının pərəstişkarlarının arasında populyar olan GR Corolla hetçbekini model xəttində saxlamaq qərarına gəlib və Circuit Edition versiyasını çeşidə əlavə edib. 2023-cü model ilinin “qaynar” hetçbeki bəzi təkmilləşdirmələri əldə edib. Onların arasında yeni Blue Flame kuzov rəngi, interyerdəki mavi dekoru və məhdud tirajla buraxılmış Morizo Edition modelindən götürülmüş 18-düymlük alüminium təkər diskləri var.
2024-cü model ilinin Toyota GR Corolla Circuit Edition hetçbekini Michelin Pilot Sport 4S şinləri ilə təchiz ediblər. Bundan əlavə, Toyota mühəndisləri idarəetməni yaxşılaşdırmaq üçün şassi tənzimləmələrinə kiçik düzəlişlər ediblər, habelə aerodinamika naminə ön hava kanallarını dəyişiblər. Sükan və arxa asmanın bərkitmə boltları dəyişdirilib, JBL premium səs sistemi artıq standart avadanlıq siyahısına daxil edilib.
Circuit Edition versiyasının imtiyazı olan karbon dam saxlanılıb. Eyni şey oturacaqların Brin Naub zamşası ilə tərtibatına, böyük ölçülü parlaq qara spoylerə və özükilidlənən Torsen differensiallarına da aiddir.
Kapotun altında da dəyişiklik yoxdur: “qaynar” hetçbek 304 at qüvvəsi və 369 Nm fırlanma anı hasil edən 1,6-litrlik G16E-GTS “turboüçlüyü” ilə təchiz edilir. Transmissiya - altı pilləli "mexaniki" iMT ötürmələr qutusudur.
Yenilənmiş GR Corolla Circuit Edition hetçbeki 2023-cü ilin payızında satışa çıxarılacaq və 1600 nüsxəlik tirajla buraxılacaqdır. Qiymət hələlik məlum deyil, lakin keçən ilki hetçbekin qiyməti 36 995 dollardan (62 900 manat) başlayırdı. Yəqin ki, model ilinin dəyişməsi ilə qiymət bir qədər də artacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir