Amerikan Yol Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) Toyota RAV4 krossoverlərinin öz-özünə yanması halları ilə bağlı istintaqın başladığını elan edib. İlkin versiyaya görə, akkumulyatorun qısa qapanması səbəbindən baş verən ən azı 11 belə hadisə məlumdur. Reuters agentliyinin verdiyi məlumata görə, problem kütləvi xarakter ala və təxminən iki milyona yaxın avtomobilə aid ola bilər.
NHTSA tərəfindən yayımlanan sənəddə, alışmanın akkumulyatorun kontaktlarından birinin onu qeydə alan çərçivə ilə təmasından qaynaqlana biləcəyini və akkumulyatorun düzgün quraşdırılmaması ehtimalının istisna olunmadığı da qeyd olunur. Bundan əlavə, avtomobil qəzaya uğrayıbsa və ön hissəsi təmir olunubsa, bu, vəziyyəti daha da ağırlaşdıra bilər.
Toyota RAV4 ilə bağlı qeydə alınan 11 hadisə iki kateqoriyaya bölünür - bəzi hallarda avtomobil hərəkət edərkən alovlanır, lakin alovlanma daha çox park edilmiş avtomobillərdə baş verir.
Agentliyin təxminlərinə görə, qəfil alışma 2013-2018-ci illər arasında istehsal olunmuş 1.862.103 Toyota RAV4 krossoverində baş verə bilər. Öz növbəsində, Toyota şirkətindən problemdən xəbərdar olduqlarını və şirkətin NHTSA idarəsinin araşdırmasına kömək etdiyini, ancaq iki milyona yaxın avtomobilin geri çağırılması barədə qərarın hələlik qəbul olunmadığını bildiriblər.
Bu günə qədər Azərbaycanda satılmış RAV4 modellərinin öz-özünə alışması hadisəsinə rast gəlinməyib. Böyük ehtimalla, söhbət Şimali Amerika bazarında satılan krossoverlərdən gedir.