Daihatsu şirkətinin İndoneziya nümayəndəliyi Terios ofroderinin üçüncü nəslini təqdim edib. Yolsuzluq avtomobili tamamilə yeni xarici görünüşə sahib olub. Xatırladaq ki, bir sıra bazarlarda bu avtomobil Toyota Rush kimi tanınır.
Bununla belə, yeni Terios kuzovun rama konstruksiyasını və arxadan çəkiş sistemini qoruyub-saxlayıbdır. Sonuncu dəfə Daihatsu şirkəti Terios modelini 11 il bundan əvvəl, 2006-cı ildə yeniləmişdi. Yeni ofroderin qabarit uzunluğu 4435 millimetr, eni isə, 1695 millimetr təşkil edir. Daihatsu Terios modelinin təkər bazasının uzunluğu 2685 millimetrdir. Avtomobilin klirensi 220 millimetrə bərabərdir. İstehsalçı avtomobilin kabinasının 170 millimetr artdığını bildirib. Bu, ön və arxa oturacaqlar cərgəsi arasındakı məsafəni 45, baqaj bölümünü isə 150 millimetr artırmağa imkan verib.
Daihatsu Terios 104 at qüvvəsi və 135 Nm fırlanma anı hasil edən 1,5-litrlik mühərrik ilə təchiz edilir. Yeni mühərrik beş pilləli mexaniki və ya dörd diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.
Yeni ofroderin təchizatına işıqdiodlarından hazırlanmış ön fənərlər, smartfonu qoşmaq funksiyası olan və DVD, USB dəstəkli multimedia sistemi, kondisioter, açarsız giriş və yoxuşda yardım sistemi daxildir.