Luiziana ştatının Houma şəhərinin sakini Viktor Şeppard doqquz il ərzində sahib olduğu Toyota Tundra pikapı ilə bir milyon mil ( 1milyon 609 min kilometr) yürüş məsafəsi qət etmişdir. Ən maraqlısı da odur ki, bunu eşidən Toyota şirkəti amerikalıya yeni Tunrda pikapını hədiyyə etmiş, köhnə avtomobili isə hərtərəfli tədqiqatlar üçün sahibindən göeri almışdır. Şeppard əsasən avtomobildən Şimali Dakotaya, Vayominqə və Vircinyaya tez-tez etdiyi işgüzar səfərlər zamanı istifadə etmişdir. O, 2007-ci ildən bəri Toyota Tundra pikapının sahibidir.
Pikapa servis xidməti yalnız Toyota şirkətinin rəsmi diler mərkəzlərində göstərilmişdir. İl ərzində ortalama 200 min kilometr yürüş etmiş avtomobil, Şeppardın sözlərinə görə, bu müddət ərzində bir dəfə də olsun belə sınmamışdır. Doqquz il ərzində Tundra 117 dəfə servis mərkəzində olmuşdur. «Hesab edirəm ki, yeni avtomobillə də bir milyon mil qət etmək problem olmayacaq. Bu pikaplar çox etibarlı və dözümlüdür. Əgər yol kənarında dayanan Toyota avtomobilini görsəniz, bilin ki, burada nə isə bir fırıldaq var. Bu avtomobillər çox nadir hallarda sınırlar». Bu sözləri, yeni avtomobilin açarlarını alan Şeppard söyləmişdir.
Sən demə yeni pikap Şeppardın sahib olduğu on altıncı Tundra avtomobilidir. Toyota şirkətindən verilən məlumata görə, Şeppardın köhnə avtomobilini, istehsal edildiyi San-Antonio şəhərindəki zavodda söküb müfəssəl şəkildə tədqiq edəcəklər. Yapon şirkətinin mütəxəssisləri avtomobilin mühərrikini, sürətlər qutusunu, şassisini və digər komponentlərini tədqiq edərək, əldə etdikləri təcrübəni yeni pikapların istehsalında tətbiq etmək fikrindədirlər.