Toyota şirkətinin Britaniya ofisi Toyota Land Cruiser (bizim bazarda Toyota Land Cruiser Prado kimi tanınan) modelinin Invincible X modifikasiyasının satışlarının başlanması barədə bəyanat vermişdir. Avtomobil zahiri cəhətdən müəyyən dəyişikliklərə məruz qalmış və 18-düymlük unikal təkər disklərini əldə etmişdir.
Toyota Land Cruiser Invincible X modeli Böyük Britaniyada 57880 funt sterlinqə (128880 manat) qiymətinə satılacaqdır. Ən bahalı ofroder digər Toyota Land Cruiser ofroderlərindən yan güzgülərin xrom gövdəsi və qara rəngli eksklyuziv yüngül lehimli diskləri, pəncərələrin haşiyəsi və damda quraşdırılmış relinqləri ilə seçiləcəkdir.
Bundan əlavə, ofroder genişləndirilmiş avadanlıq siyahısı ilə öyünə bilər. Toyota LC Invincible X modelinin təchizatına sensorlu ekranı və naviqasiya sistemi olan multimedia kompleksi, üç zonalı klimat-kontrol, elektrik ötürməli şüşə lyuk, premium səs sistemi və arxa sərnişinlər üçün məlumat-əyləncə sistemi daxil edilmişdir. Digər Toyota modelləri kimi, Toyota LC Invincible X modifikasiyası standart olaraq, tərkibinə zolaqda saxlama funksiyası, “kor” zonalara nəzarət sistemi və adaptive kruiz-kontrol daxil olan Toyota Safety Sense təhlükəsizlik dəsti ilə təchiz ediləcəkdir. Ofroder 5-qapılı kuzovla və 177 at qüvvəsi olan 2,8-litrlik D-4D dizel mühərriki ilə təchiz edilir.
Güc aqreqatı 6-pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Yapon istehsalçısının nümayəndələri bu modifikasiyanın digər bazarlarda da satılacağı barədə məlumat verməmişdirlər.
