Toyota şirkətinin mətbuat xidməti artıq C+pod elektrokarının hər kəs üçün əlçatan olduğunu bəyan edib. Əvvəllər bu kiçicik avtomobili yalnız bələdiyyə xidmətləri və ya korporativ müştərilər ala bilrədilər. C+pod keçən il satışa çıxıb və Toyota şirkətinin bildirdiyinə görə, alıcılar tərəfindən yaxşı qarşılanıb: onlar elektrokarın istismar sadəliyini, ekoloji cəhətdə təmizliyini, habelə kiçik gövdədə yerləşdirilmiş təhlükəsizlik sistemlərinin tam dəstinin olmasını yüksək qiymətləndiriblər.
Qısa gedişlər üçün nəzərdə tutulmuş C+pod ölçülərinə görə Smart ForTwo modelindən də kiçikdir: onun uzunluğu 2490 millimetrə, eni – 1290 millimetrə, hündürlüyü isə 1550 millimetrə çatır. Kuzovun konstruksiyası poladdandır, lakin bütün panellər plastikdən hazırlanır. Bunun sayəsində minimal təchizata malik olan avtomobilciyin çəkisi cəmi 670 kiloqram təşkil edir.
Məkana qənaət olunması üçün mərkəzi tuneldən məhrum edilmiş salonda monoxrom displey, müxtəlif funksiyaların və hərəkət rejimlərinin idarəedilməsinə cavabdeh olan fiziki düymələr yerləşdirilmiş panel var. Kondisioner və elektrik şüşəqaldıranlar “baza” təchizatına daxil deyil.
Elektrokarı arxa hissədə yerləşən, 12,5 at qüvvəsi və 56 Nm fırlanma anı hasil edən elektrik mühərriki hərəkətə gətirir. Elektrik mühərriki, avtomobili 150 kilomtrə qədər yürüş ehtiyatı ilə təmin edən 9,06 kilovat-saatlıq batareyadan qidalanır. Batareyanın həcminin kiçik olmasına baxmayaraq, onun tam doldurulması üçün 16 saata qədər vaxt tələb olunur.
Toyota C+pod elektrokarının Yaponiyadakı satış qiyməti 1.650.000 yen (24.500 manat) təşkil edir. Avtomobil yalnız lizinq yolu ilə satılır. Ən zəngin təchizatlı elektrokar üçün 1.716.000 yen (25.480 manat) ödəmək gərəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.