Toyota şirkətinin məşhur Celica kupesinin "DNT-sinə malik olan" idman avtomobili hazırlamaq istəyi ilə bağlı şayiələr bu ilin yazında peyda olub. Daha sonra, 2023-cü il aprelin 1-də Toyota şirkətinin prezidenti vəzifəsinə təyin edilmiş Koji Sato bu ideyanı dəstəklədiyini bildirib. O, brendin indiki model çeşidində Celica modelinin davamçısı görmək istədiyini söyləyib. Bu günlərdə Toyota Times yenidən bu mövzuya qayıdıb, Britaniyanın “Autocar” nəşri isə, müstəqil rəssamın hazırladığı renderi dərc edib.
Satonun istəkləri sələfi, hazırda yapon korporasiyasının İdarə heyətinin sədri olan Akio Toyodanın istəkləri ilə üst-üstə düşür. Layihəyəyə “yaşıl işıq” yandırılarsa, Toyota Celica modelinin davamçısı olan elektrik sportkarı üzərində işləməyə başlaya bilər. Lakin bu avomobil əfsanəvi adı miras olaraq almaya da bilər. Hələlik isə, 2026-cı ilə qədər 10 yeni “batareyalı” Toyota modelinin bazara çıxacağı və onlardan birinin sportkar olacağı məlumdur.
Xatırladaq ki, may ayında Toyota özünün inkişaf strategiyasından götürülmüş bir slaydı dərc edib: idman avtomobili Sports adlandırılmış seqmentdə göstərilib. Lakin elektromobilin hansı marka altında (Toyota və ya Lexus) satışa çıxarılacağı tam aydın deyil. Model Toyota markası altında debüt edərsə, şirkət onu yenidən canlanmış Celica kimi mövqeləndirə bilər. Əgər bu marka Lexus olarsa, o zaman yeni model üçün örnək kimi, pərəstiş obyektinə çevrilmiş LFA götürülə bilər.
Çox güman ki, bu modellərin hər ikisinə də “yaşıl işıq” yandırılacaq. Lexus idman avtomobili haqqında artıq bəzi detallar var. İnsayder məlumatlarına görə, LFA modelinin varisi əvvəlcə plagin hibrid olacaq, sonra isə elektrokara çevriləcək. Yeniliyin TNGA GA-L platformasına əsaslanacağı, habelə tərkibinə 4,0-litrlik V8 və elektrik mühərriki daxil olan 937 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəyi proqnozlaşdırılır. Ancaq bütün bunlar hələlik şayiələrdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.