2016-cı ildə peyda olan Toyota C-HR krossoveri şirkət üçün riskli eksperiment idi: Toyota uzun müddətdir ki, belə parlaq və meydan oxuyan avtomobillər istehsal etmirdi. Amma bu dəfə yaponların hesabları düz çıxdı və yeni model Avropada uğur qazandı: burada ildə 100-130 min belə avtomobil satmaq mümkün idi və alıcıların yarıdan çoxu C-HR modelini məhz dizayna görə seçirdi. Buna görə də, yaponlar yığcam krossoverin ikinci nəsli üçün mövcud konsepsiyanı saxlayaraq, onu daha da gücləndiriblər.
Yeni Toyota C-HR modeli Avropada yaradılıb və Avropa üçün nəzərdə tutulub. Krossoverin dizaynı üzərində Toyota şirkətinin Fransadakı ED² studiyasının komandası işləyib. Tanış format və nisbətlər qalır, lakin kuzovun plastikası fərqlidir. Yeni ikirəngli kuzov sxemi işlənib hazırlanıb: dam ilə yanaşı, arxa tərəf də qara rəngə boyanıb.
Arxa tərəfdə artıq ənənəvi nişanlar yoxdur, onların əvəzinə arxa fənərləri birləşdirən bənddəki parlaq yazı var. Yeni krossover, irəli çıxan qapı tutacaqlarını alan ilk seriya Toyota modelidir, plastik bamperlər isə artıq toplu şəkildə rənglənirlər. Opsional panoram dam indi sürüşərək açılan bölməsiz və pərdəsizdir: tərtibatçılar şüşənin ultrabənövşəyi şüaları ötürməyəcəyindən əmindirlər.
GA-C platforması əvvəlkidir, təkər bazası dəyişməyib (2640 millimetr), lakin krossover 25 millimetr qısa (4360 millimetr) və 35 millimetr enli (1830 millimetr) olub. Hündürlük simvolik olaraq 3 millimetr (1558 millimetr) artıb. Bundan başqa, tərkibinə 20 düymlük təkər diskləri, fərqli radiator barmaqlığı və genişləndirilmiş qara dekor daxil olan GR Sport paketi təklif edilir, lakin onun texniki hissəsi haqqında hələlik məlumat verilməyib.
Yeni Toyota C-HR modelinin standart təchizatına üç əks etdirmə rejimi olan 12,3 düymlük virtual cihazlar paneli daxildir. Toyota Smart Connect media sistemi 8,0 və ya 12,3 düymlük (konfiqurasiyadan asılı olaraq) displeylərə, smartfondan məsafədən giriş və havadan yeniləmə funksiyalarına malikdir. Bundan başqa, məsafədən qapıların kilidini açmaq, mühərriki işə salmaq və avtoparklayıcını idarə etmək mümkündür: bu, tam ölçülü rəqəmsal avtomobil açarıdır.
İnteryerin yüzdən çox tərtibat elementləri təkrar emal edilmiş materiallardan hazırlanır. Məsələn, oturacaq üzlükləri təkrar emal edilmiş plastik şüşələrdən hazırlanıb. Əlavə ödəniş müqabilində proyeksiya displeyini, qabaqcıl JBL audio sistemini, habelə 64 rəngə və 24 dinamik rejimə malik olan daxili kontur işıqlandırmasını sifariş etmək mümkündür. Toyota Safety Sense elektron köməkçiləri kompleksi baza təchizatına daxildir.
C-HR modelinin mühərrik çeşidində dizel aqreqatları olmayıb, artıq sırf benzin mühərrikləri də olmayacaqdır. Ən azından Avropa bazarında. Köhnə Dünyada CH-R modeli firma elektromexaniki variatoru olan hibrid modifikasiyalarda təklif ediləcəkdir. Yəni, krossover texniki cəhətdən Prius və Corolla modelləri ilə unifikasiya edilib. Toyota C-HR krossoverinin baza versiyası 1,8-litrlik (98 at qüvvəsi, 142 Nm) benzin mühərriki və dartma elektrik mühərriki (94 at qüvvəsi, 185 Nm) ilə təchiz olunur. Güc aqreqatının ümumi hasilatı 140 at qüvvəsi təşkil edir. Maksimal sürət 170 km/saat, ilk “yüzlüyə” sürətlənmə müddəti 9,9 saniyədir.
Bütün digər modifikasiyalarda 152 at qüvvəsi və 190 Nm fırlanma anı hasil edən 2,0-litrlik atmosfer mühərriki quraşdırlır. Belə ön ötürməli hibrid 111 at qüvvəsi və 206 Nm hasil edən elektrik dartma mühərriki ilə təchiz edilir, tamötürməli versiyada isə arxa oxda 41 at qüvvəsi və 84 Nmayrıca elektrik mühərriki quraşdırılır. Lakin sistemin ümumi hasilatı (198 at qüvvəsi) ötürmə növündən asılı deyil. Yuxarıda göstərilən hibridlərin hamısı təvazökar 0,98 kilovat/saatlıq dartma batareyası ilə təchiz olunurlar.
Çeşidin zirvəsində Toyota C-HR PHEV plagin hibridi durur. O, eyni 2,0-litrlik atmosfer mühərrikinə malikdir, lakin ön oxdakı elektrik mühərriki 163 at qüvvəsi və 208 Nm fırlanma anı hasil edir. Sistemin ümumi hasilatı isə 223 at qüvvəsinə bərabərdir. Tam ötürmə nəzərdə tutulmayıb. Panasonic şirkətinin 13,8 kilovat/saatlıq litium-ion dartma batareyası arxa oturacağın altında yerləşir və onu məişət rozetkasından doldurmaq olar.
Sırf elektrik rejimində krossover 66 kilometr qət edə bilər. Bort naviqatorundakı marşrut daxili yanma mühərriklərinin istifadəsinin qadağan edildiyi “yaşıl” zonalardan keçirsə, elektronika ehtiyat üçün batareyanı dolduracaq və bu zonanın girişində krossoveri elektrik rejiminə keçirəcəkdir. Hibrid rejimdə krossover 100 km/saat həddini 7,4 saniyəyə (çeşiddəki ən sürətli versiyadır) toplayır və maksimal 180 km/saata qədər sürətlənir.
Sələfi kimi, yeni Toyota C-HR krossoveri də Türkiyədəki zavodda istehsal ediləcəkdir. Təkrar doldurulan hibridlər üçün dartma batareyalarının yığılması da orada təşkil olunacaqdır (adi hibridlər üçün batareyalar Yaponiyadan gətiriləcəkdir). Avropada, krossoverin ikinci nəsli 2024-cü ilin yanvarında satılmağa başlayacaqdır, lakin sifarişlərin qəbuluna əvvəlcədən start veriləcəkdir. İlkin məlumata görə, qiymətlər 35 min avrodan başlamalıdır (indi C-HR 33 mindən başlayır), lakin bazara ilk çıxan ən bahalı Premiere Edition salamlama versiyaları olacaqlar.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.