Toyota şirkəti 2022-ci ildə 16-cı nəsil Crown modelini təqdim edərkən, ilkin olaraq ABŞ bazarı üçün nəzərdə tutulmuş Cross versiyasını nümayiş etdirmişdi. Bununla belə, yapon istehsalçısı Crown ailəsinin daha üç modellə - Crown Sport udman hetçbeki, Crown Sedan sedanı və Crown Estate universalı ilə genişləndiriləcəyini də bildirmişdi.
Toyota Crown Cross
O zaman, Toyota şirkəti gələcək modellərin eksteryer dizaynını nümayiş etdirsə də, onların texniki hissəsi barədə heç bir məlumat verməmişdi. Bu günlərdə bu modellərin texniki hissəsi üzərindəki sirr pərdəsi qismən götürülüb. Belə ki, dərc edilmiş məlumata görə Sedan və Sport versiyaları bu il debüt etməli, Crown Estate universalı isə 2024-cü ildə işıq üzü görməlidir.
Hər üç model beşyerli salona malik olacağı, habelə hibrid və təkrar doldurulan hibrid güc aqreqatları ilə təchiz ediləcəyi bildirilir. Crown Sedan sedanı mono ötürmə, Sport və Estate isə tam ötürmə ilə çatdırılacaqlar.
Toyota Crown Sport
Eyni zamanda, Toyota sedan kuzovlu Crown modelinin 19 və 20 düymlük təkər disklərini, hetçbek və universalın isə 21 düymlük təkər disklərini alacağını qeyd edib. Yapon vebsaytındakı Sport və Estate modeli iki rəngli, Sedan isə monoxrom boyanma sxemi ilə göstərilirlər.
Keçən ilki təqdimat zamanı Crown modellərinin yalnız eksteryer dizaynı nümayiş etdirilmişdi, indi isə onların interyer dizaynını açıqlayan videoçarxlar da dərc olunub. Videodan göründüyü kimi, hər üç versiyanın interyer dizaynı Crown Cross modeli ilə eynidir.
Toyota Crown Estate
Yeri gəlmişkən, Toyota yeni üç modelin qabarit ölçülərini də açıqlayıb. Crown Sedan modelinin uzunluğu 5030 millimetr, eni – 1890 millimetr, hündürlüyü – 1470 millimetr, təkər bazasının ölçüsü isə 3000 millimetrdir.
Crown Estate universalının ölçüləri müvafiq olaraq 4930, 1880, 1620 və 2850 millimetr təşkil edir. Crown Sport versiyasında bu göstəricilər müvafiq olaraq 4710, 1880, 1560 və 2770 millimetrdir.
Toyota Crown Sedan
TNGA modul platformasında inşa edilmiş yeni Crown ailəsi dünya üzrə 40 ölkə və bölgədə satılacaqdır. Toyota şirkəti hər dörd modelin əlçatan olacağı 2024-cü ildə 200 min Crown modelini satacağını proqnozlaşdırır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.