Bu gün Toyota şirkəti Japan Mobilty Show sərgisində nümayiş etdirəcəyi yeni Land Cruiser FJ ofrouderi üzərindəki sirr pərdəsini götürüb. Yenilik Land Cruiser 250 modelindən 11 santimetr qısadır ki, bu da onu Land Cruiser ailəsinin ən yığcam və əlçatan üzvü edir.
Toyota Land Cruiser FJ modeli Cənubi-Şərqi Asiyada satılan Hilux Champ pikapı ilə eyni platformanı paylaşır. Yeni ofrouderin uzunluğu 4570 millimetr, eni – 1960 millimetr, hündürlüyü isə, 1850 millimetrdir. Yeni FJ modelinin təkər bazasının ölçüsü 2580 millimetr təşkil edir.

“Bala” Land Cruiser büdcə pikapı ilə təkcə platformasını deyil, həm də güc aqreqatını bölüşür. Ofrouder 161 at qüvvəsi və 245 Nm fırlanma anı hasil edən 2,7-litrlik mühərriklə hərəkətə gəlir. Güc aqreqatı altıpilləli transmissiya və qoşulan tam ötürmə sistemi ilə tandemdə çalışır.
Ofrouderin güc xarakteristikaları elə təsiredici deyil, bununla belə, məyus olmağına dəyməz, çünki layihənin baş mühəndisi Masaya Uniyama “Automotive News” nəşrinə verdiyi müsahibəsində Land Cruiser FJ modelinin Avropa və ABŞ-da satılmayacağını bildirib. Beləliklə, yığcam Land Cruiser BJ ofrouderi Hilux Champ pikapı kimi bizim üçün əlçatmaz olacaq.

Hilux Champ pikapı kimi, FJ ofrouderi üçün də fərdiləşdirmə xidmətləri təklif edilir. Molle panelləri əlavə avadanlıq quraşdrımağa imkan verir. Məsələn, şəkillərdə çay keçidlərini qət etmək üçün nəzərdə tutulan şnorkel quraşdırılmış ofrouderi görmək olar.
Belə ofrouder çıxarıla bilən ön və arxa bamperlə də təchiz edilir ki, bu da zərər görmüş detalları yeyin dəyişdirməyə, təmirəyararlığı yüksəltməyə və xərcləri azaltmağa imkan verir.
Yeni ofrouder böyük qardaşı kimi, bucaqlı dizayna malikdir. Yumru faralar, iri kuzov dəsti və arxada bərkidilmiş ehtiyat təkəri sayəsində FJ istənilən sınaqlara hazır olduğunu göstərir. İnteryer tərtibatında klassik Toyota ənənələri diqqəti çəkir: transmissiyanın iri qolu və iri ön paneldəki üfüqi ekran.
Toyota Land Cruiser FJ modelinin Yaponiyadakı satışlarına 2026-cı ilin ortalarında başlanmalıdır. Artıq qeyd etdiyimiz kimi, ofroudern kütləvi debütü bu ayın sonunda keçiriləcək Japan Mobility Show sərgisində baş tutacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.