Bu yaxınlarda təqdim edilmiş "qaynar" Toyota GR Yaris modeli, hətta şirkətin onu satmağı planlaşdırmadığı ölkələrdə belə gözlənilmədən çox populyar olub. Buna görə də, yapon istehsalçısı bu və ya digər səbəbdən Yaris modelinin satılmadığı bazarlar üçün Corolla modelinin bənzər versiyasını hazırlamaq fikrinə düşüb.
Yapon "Best Car" nəşri, şirkət daxilindəki mənbələrinə istinadən, Toyota GR Corolla modeli üzərində çalışmalara start verildiyini iddia edir. Üstəlik, modelin texniki göstəricilərinin də müəyyən edildiyi bildirilir: “qaynar” beşqapılı hetçbek güc qurğusunu heç bir dəyişiklik olmadan kiçik qardaşdan alacaqdır. Söhbət mexaniki ötürmələr qutusu və tam ötürmə sistem ilə birlikdə çalışan 272 at qüvvəsinə malik olan yeni 1,6-litrlik "turboüçlükdən" gedir.
Nəşrin məlumatına görə, Ford Focus ST və VW Golf GTI hetçbeklərinin rəqibi bu ilin sonunda və ya gələn ilin əvvəlində debüt edə bilər. Xatırladaq ki, əvvəllər Toyota GR Corolla modelinin təqdimatının 2023-cü ildə baş tutacağı barədə şaiyələr dolaşırdı. Öz növbəsində, Toyota şirkətinin nümayəndələri məsələyə dair şərh verməkdən imtina ediblər.
Beləliklə, Toyota şirkətinin həqiqətən də Corolla modelinin “qaynar” modifikasiyasını buraxmaq niyyətində olub-olmadığı hələlik məlum deyil. Lakin, yapon şirkətinin bəzi ölkələrdə müvafiq əmtəə nişanını qeydiyyat keçirməsi belə bir modelin buraxılması şansının yüksək olduğunu göstərir.