Reuters agentliyinin Nikkei Asia nəşrinə istinadən verdiyi məlumata görə, Toyota şirkəti Harrier krossoveri üçün bəzi sifarişləri ləğv edib. Yapon istehsalçısını belə bir xoşagəlməz addımı atmağa, yazda Şanxayda baş vermiş koronavirus yayılması və bununla bağlı qapanmalar məcbur edib. Sifarişləri ləğv edilən müştərilərdən, krossoverin 2022-ci ilin sentyabrında buraxılacaq təkmilləşdirilmiş versiyası üçün yenidən sifariş rəsmiləşdirmələri xahiş olunur.
İnsayderlərin məlumatına görə, Toyota müştərilərə sifariş etdikləri Harrier modeli ilə onun təkmilləşdirilmiş versiyası arasındakı qiymət fərqini kompensasiya edə bilər. Təkmilləşdirilmiş versiyanın qiymətinin təxminən 100 000 yen (1 200 manat) baha olacağı gözlənilir. Bununla belə, Toyota rəsmi olaraq təkmilləşdirilmiş krossoverin qiymətini, eləcə də təchizatını açıqlamayıb.
Toyota dilerləri artıq toplanmış sifarişlər istehsalçının təşəbbüsü ilə ləğv olunduğunun ilk dəfə baş verdiyini qeyd ediblər. Şirkətdən indiyədək misli görünməmiş vəziyyətlə bağlı şərh verməyiblər.
Yaponiya Avtomobil Satıcıları Assosiasiyasının (JADA) məlumatına görə, Toyota bu ilin yanvar-iyun ayları arasında daxili bazarda 22 250 Harrier krossoverini satıb. Müqayisə üçün, yapon brendin bestselleri sayılan Yaris hetçbeki 81 580 nüsxədə satılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.