Land Cruiser forumunda şyapon istehsalçısının Yaponiyada “nəqliyyat vasitəsi” sinifində Cruiser FJ əmtəə nişanını qeydiyyata almaq üçün müraciət etdiyi barədə məlumat peyda olub. Xarici KİV-lər yeniliyin Land Cruiser ailəsinin tərkibinə daxil olacaq seriya modelindən xəbər verdiyini hesab edirlər. Motor1.com saytı isə, Toyota şirkətinin bu ofrouderin ilk şəklini hələ avqust ayında - Land Cruiser elektrik konsept avtomobili ilə eyni vaxtda nümayiş etdirdiyini bildirir.

Nəşrin məlumatına görə, Toyota şirkəti Crown (özündə dörd modeli birləşdirir) və Century (sedan və krossover) kimi, Land Cruiser ailəsini yaratmaq niyyətindədir. Əgər bu fərziyyə doğru olarsa, o zaman artıq təqdim edilmiş Land Cruiser 250 və 300 modellərinə elektromobil, habelə benzin və hibrid güc aqreqatları ilə hərəkətə gələcək kiçik çərçivəli ofrouder qoşula bilər. Cruiser FJ adının məhz sonuncu model üçün nəzərdə tutulduğu ehtimal olunur.

Toyota əvvəllər FJ Cruiser adlı modeli istehsal edib - ofrouder 17 il ərzində buraxılıb. 2000-ci illərin birinci yarısında hazırlanmış model Yaponiya, Şimali Amerika və Cənubi Afrikada, son illərdə isə Yaxın Şərqdə satılıb. O, 270 at qüvvəli 4,0-litrlik V6 və 5-pilləli avtomatik transmissiya ilə təchiz edilirdi. Ofrouder tam ötürməyə və iki pilləli paylayıcı qutuya malik idi.

Keçən ilin payızında Toyota şirkəti FJ Cruiser modelini istehsaldan çıxardığını elan edib və “vida” seriyasından olan məhdud sayda ofrouder buraxıb. FJ Cruiser modelinin son nüsxəsi 2023-cü ilin aprelində Yaponiyadakı zavodun konveyerindən çıxıb. Bir müddət bundan əvvəl isə, yapon BestCarWeb portalı insayderlərə istinadən FJ Cruiser modelinin varisinin GA-F platformasına əsaslanacağını bildirmişdi, lakin bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.