Dünən Toyota şirkətinin Land Cruiser ofrouderinin elektrik varisini hazırladığı barədə məlumat vermişdik. Lakin elektrik Land Cruiser Es yaponların Tokioda nümayiş etdirəcəyi yeganə yenilik deyil. Toyota Japan Mobility Show sərgisində EPU adlı konseptual pikapı da nümayiş etdirəcək. Pikap dizayn baxımından Land Cruiser prototipinin tam surəti olmasa da, oxşar üslubda hazırlanıb.
Onun uzunluğu 5070 millimetr, eni - 1910 millimetr, hündürlüyü isə 1710 millimetrdir. Odur ki, pikap elektrik krossoverindən nəzərəçarpacaq dərəcədə kiçikdir, yalnız ondan simvolik olaraq 5 millimetr hündürdür. Təkər bazası 3350 mm, arxa çıxıntı isə çox qısadır.
Toyota konseptual pikapın salonunu da nümayiş etdirib. Sükan əvəzinə şturval quraşdırılıb, multimedia sisteminin və cihazlar panelinin ekranları müxtəlif müstəvilərdə yerləşir. Transmissiyanın selektoru və dayanacaq əyləcindən ibarət idarəetmə bloku da multimedia sisteminin panelində yerləşir. Maraqlıdır ki, konseptual pikapın firma illüstrasiyalarında cihazlar panelində sürət mil/saat ilə göstərilir. Bu, yaponları ilk növbədə hansı bazarı hədəfə aldıqlarını açıq şəkildə göstərir.
Şirkət heç bir texniki məlumat vermir. Böyük ehtimalla, hər iki konseptin ikimühərrikli (tam ötürməli) elektrik güc qurğusu ilə təchiz ediləcək. Tezliklə Tokio avtosalonunda onlar haqqında daha ətraflı məlumat verilməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.