Toyota şirkəti yeni Tundra pikapı üçün yeni liftinq dəstini hazırlayıb. Əlbəttə ki, bu işi TRD bölməsinə həvalə ediblər. Tüninq bölməsinin hazırladığı dəstin tərkibinə orijinal yaylar, ön asqının Roush Performance tərəfindən hazırlanmış yuxarı qolları, tək borulu Bilstein amortizatorları, qeyri-standart dönən yumruqlar, stabilizatorıar və əlavələri daxildir. Təkmilləşdirmədən sonra Toyota Tundra pikapının ön asqısının hündürlüyü 76 millimetr, arxa asqısının isə 51 millimetr artır.
TRD liftinq dəsti yeni Toyota Tundra pikapının klirensini ümumilikdə 66 millimetr, giriş bucağını beş dərəcə (26 dərəcəyə qədər), çıxış bucağını isə, bir dərəcə (25 dərəcəyə qədər) artırır. Avtomobil istehsalçısı pikapın ofroud qabiliyyətinin artırılmasının təhlükəsizliyə təsir etmədiyini bildirib - Toyota Safety Sense sürücüyə aktiv yardımçı sistemləri kompleksi düzgün işləyəcəkdir.
TRD liftinqı dəstini yalnız səlahiyyətli dilerdən 3995 dollara (quraşdırma istisna olmaqla) almaq olar. Liftinq dəstini sərbəst şəkildə quraşdırmaq mümkün deyil - bu yalnız rəsmi dilerlərin səlahiyyətidir.
Liftinq dəstini bütün tamötürməli Toyota Tundra pikaplarında quraşdırmaq olar. Belə pikaplar 3,5-litrlik i-Force turbomühərriki (394 at qüvvəsi, 649 Nm) və bu aqreqatın əsasında yaradılmış i-Force Max hibrid güc qurğusu ilə (443 at qüvvəsi, 790 Nm) ilə təchiz olunurlar.
Lakin liftinq dəsti aktiv asqısı və pnevmatik dayaqları olan pikaplar üçün uyğun deyil. Bundan başqa, TRD Pro və TRD Sport paketləri olan pikapların sahibləri də belə dəsti əldə etmək şansından məhrumdurlar.
Hazırda Toyota Tundra pikapının ABŞ bazarındakı satış qiyməti 37 min dollardan başlayır. Pikapın hibrid versiya üçün ən azı 54 min dollar tələb olunur. Ən dəbdəbəli Tundra Capstone versiyası isə, 75.000 dollar dəyərində qiymətləndirilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.