Toyota şirkəti «qaynar» Yaris modelinin ilk fotoşəkillərini dərc etmişdir. Bu yapon istehsalçısının son 10 ildə buraxdığı ilk «qaynar» hetçbekdir. Xatırladaq ki, son «qaynar» modellər olan Toyota Corolla T-Spot 2007-ci ildə, Yaris T-Sport isə 2005-ci ildə  «istefaya» göndərilmişdir. Yeni «qaynar» hetçbekin kütləvi təqdimatı bu ilin martında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.

«Qaynar» hetçbekin hazırlanması barədə məlumat ilk dəfə keçən ilin sonunda Toyota’nın dünya ralli çempionatındakı (WRC) komandasının və Toyota Yaris WRC yarış avtomobilinin təqdimatı zamanı verilmişdir. Bununla belə, «qaynar» hetçbek haqqında məlumat heç də tam deyildir.

Avtomobilin üç qapılı kuzovla, ralli avtomobilinin «geyimini» xatırladan yapışdırılmalar və aqressiv aerodinamik kuzov dəsti ilə təchiz ediləcəyi məlumdur. Hetçbekin mühərrikinə gəldikdə isə, çox güman ki, bu ralli avtomobilinin də təchiz edildiyi 1,6-litrlik turbomühərrikin bir qədər zəif variantı olacaqdır.

Yapon şirkətinin nümayəndələri turbomühərrikin gücünün 210 at qüvvəsinin üzərində olduğunu bildirmişdirlər. Belə olan halda, «qaynar» Yaris modeli 200 at qüvvəli Peugeot 208 GTi və Ford Fiesta ST200 modelləri ilə rəqabət aparacaqdır. Peugeot 100 km/saat sürətini 6,2 saniyəyə, Ford isə 6,7 saniyəyə toplayır.

Yapon istehsalçısı bərkgedən Toyota Yaris modelinin dinamik xarakteristikalarını açıqlamamışdır.

Böyük ehtimalla, avtomobil haqqında ətraflı məlumat Cenevrə avtosalonunda səsləndiriləcəkdir.